Xəzər Xəbər

Avropa əhalisinin 29 faizi ömründə azı bir dəfə narkotik vasitələrdən istifadə edib

Dünya | 13:35 • 7 İyun 2019
Avropa əhalisinin 29 faizi ömründə azı bir dəfə narkotik vasitələrdən istifadə edib

Avropa əhalisinin 29 faizi (15-64 yaş arası 96 milyon nəfər) ömründə azı bir dəfə narkotik vasitələrdən qeyri-qanuni istifadə edib.


Bu barədə məlumat Avropa İttifaqının narkotik vasitələr üzrə hesabatında yer alıb. Hesabata görə, Aİ ərazisində kokain istehlakı rekord həddə çatıb, 2017-ci ildə hüquq-mühafizə orqanları vətəndaşlardan 140 ton kokain götürdükləri halda, 2016-cı ildə bu göstərici iki dəfə az olub. Artıq qeyri-leqal şəbəkələr o dərəcədə fəaliyyətlərini genişləndiriblər ki, xüsusi nömrələrə zəng etməklə ("darknet" birjaları və ya "kokain çağrı mərkəzləri") narkotik vasitələri sifariş vermək də mümkündür.


Hesabatda qeyd edilir ki, narkotik vasitələrdən istifadə artsa da, narkomaniyadan dünyasını dəyişənlərin sayı sabit qalıb. 2017-ci ildə 9461 nəfər narkotika istehlakından ölüb. Bu statistikada Böyük Britaniya acınacaqlı birinci yeri tutur, Aİ üzrə ölüm hallarının 34 faizi yalnız bu ölkənin payına düşür. Sonrakı yerdə isə 13 faizlə Almaniya dayanır. Ölüm hallarının dörddəüçü heroin istifadəsi nəticəsində baş verir.


Hesabatda, həmçinin qeyd edilib ki, kokain istehlakının azalması ilə yanaşı, sintetik narkotiklərin istehlakı artıb. (AZƏRTAC)

Xəbər lenti