Xəzər Xəbər

Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Dünya | 12:37 • 20 May 2019
Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.


Xezerxeber.az xəbər verir ki, Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.


Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər.


Əvvəlcə Ukraynanın dövlət himni səsləndirilib.


Sonra Vladimir Zelenski Ali Radanın təntənəli iclasında əlini İncilə basaraq Ukrayna xalqına sədaqət andı içib. Ona prezident vəzifəsinə başlaması haqda Şəhadətnamə və dövlət başçısının rəsmi rəmzləri təqdim edilib. Ukrayna Prezidenti andın mətnini imzalayıb və ölkənin Konstitusiya Məhkəməsinin sədrinə verib.


Daha sonra Prezident Vladimir Zelenski mərasimdə çıxış edib. Prezident qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya siyasəti davam etdiriləcək. "Hər kəs bilsin ki, prezidentlik dövründə xalqın rifahının yaxşılaşdırılması və dövlətin daha güclənməsi üçün bütün enerjimi sərf edəcəyəm”,- deyə Vladimir Zelenski vurğulayıb.


Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçiriləcək.

Xəbər lenti