Xəzər Xəbər

Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub

Dünya | 14:10 • 16 Yanvar 2019
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub

Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.


AZƏRTAC xəbər verir ki, Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur.


Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub.


Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı çıxışına "Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər.


Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti