Xəzər Xəbər

İranın 14 sərhədçisinin girov götürülməsi müxtəlif fikirlərin yaranmasına səbəb olub

Dünya | 14:30 • 18 Oktyabr 2018
İranın 14 sərhədçisinin girov götürülməsi müxtəlif fikirlərin yaranmasına səbəb olub

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Pakistanlı həmkarı Şəhriyar Aferdiyə məktubla müraciət edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranlı nazir məktubunda girov götürülmüş 14 sərhədçinin azad edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsini tələb edib. Qeyd olunub ki, İranın Pakistan ilə sərhədə yerləşən Sistan-Bəlucistan vilayətinin Micavə bölgəsində terrorçular tərəfindən girov götürülən 14 sərhədçi Pakistan ərazisinə aparılıb. Nazir nəzərə çatdırıb ki, bu kimi təxribatçı hərəkətlərin arxasında xarici dövlətlər dayanır və onların məqsədi iki ölkə arasındakı münasibətləri pozmaqdan ibarətdir. Buna görə də Pakistanın hüquq-mühafizə və xüsusi xidmət orqanları tezliklə girovların yerini müəyyənləşdirməli və onları azad etməlidir.


Xatırladaq ki, oktyabrın 16-da bir qrup silahlı terrorçu Pakistandan gizli yollarla İrana daxil olub və Mircavə məntəqəsindən 14 sərhədçini oğurlayıb.


Yerli mətbuat yazır ki, 14 silahlı sərhədçinin girov götürülüb uzaq məsafəyə aparılması asan məsələ deyil və terrorçulara kömək edənlər də olub. Digər bir məlumata görə, sərhədçilərin yeməyinə xüsusi maddə atıblar və yeməkdən sonra sərhədçiləri möhkəm yuxu tutub. Bundan da istifadə edən terrorçular onların əl-qolunu bağlayıb aparıblar.


Pakistan tərəfi bəyan edib ki, girov götürülmüş iranlı sərhədçilərin tapılaraq azad edilməsi üçün tədbirlər görülür. Digər bir məlumata görə, sərhədçilərin arasında terrorçularla əməkdaşlıq edən olub və o, sərhəd xidmətinin gündəlik işləri haqqında məlumat ötürüb. İranın Təhlükəsizlik Nazirliyi isə bəyan edib ki, məsələ ətrafında geniş araşdırma aparılır və irəli sürülən bütün variantlar nəzərdən keçirilir.

Xəbər lenti