Xəzər Xəbər

Gürcüstan ordusunda xidmət edən milli azlıqların nümayəndələrinə gürcü dili öyrədiləcək

Dünya | 15:27 • 26 Sentyabr 2018
Gürcüstan ordusunda xidmət edən milli azlıqların nümayəndələrinə gürcü dili öyrədiləcək

Gürcüstan Müdafiə Nazirliyi silahlı qüvvələrdə xidmət edən milli azlıqların nümayəndələri üçün yeni proqram hazırlayıb.


AZƏRTAC Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, layihədə hərbi xidmətə çağırılmış milli azlıqlardan olan əsgərlərə gürcü dilinin öyrədilməsi nəzərdə tutulub. Artıq Gürcüstan silahlı qüvvələrinin birinci motoatıcı briqadasında proqramın icrasına başlanılıb. Birinci mərhələdə milli azlıqlardan olan 123 əsgər gürcü dilini öyrənməyə başlayıb. Gürcü dilini öyrənən həmin əsgərlərin 82-si azərbaycanlıdır.


Dil kursları 7 həftə davam edəcək və bu müddətdə əsgərlərə gürcü dilində yazmaq, danışmaq, sənədlərin düzgün tərtib olunması qaydaları öyrədiləcək. Kursu uğurla başa vuran əsgərlərə sertifikatlar veriləcək.


Nazirlikdən bildiriblər ki, kursun əsas məqsədi Gürcüstan vətəndaşı olan insanlara dövlət dilini öyrətmək və bu yolla onların cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir. Silahlı qüvvələrdə gürcü dilinin öyrədilməsi davamlı olacaq və bütün hərbi hissələri əhatə edəcək.


Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, hazırda ölkə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların 3,2 milyon nəfərini gürcülər, 223 min nəfərini azərbaycanlılar, 169 min nəfərini ermənilər təşkil edirlər. Ölkədə, həmçinin ruslar, ukraynalılar, assuriyalılar, yunanlar, osetinlər və digər milli azlıqların nümayəndələri yaşayırlar.

Xəbər lenti