Xəzər Xəbər

Liviya lideri ölümqabağı nələr deyib? Qəqqafinin vəsiyyəti ortaya çıxdı

Dünya | 13:37 • 25 Sentyabr 2018
Liviya lideri ölümqabağı nələr deyib?

Liviyanın linç edilərək öldürülən lideri Müəmmar Qəzzafinin vəsiyyəti ortaya çıxıb.

Qəzzafinin müşaviri olmuş İbrahim əl-Guveyil "Spuntik”ə açıqlamasında paytaxt Tripolidəki döyüşlər zamanı Qəzzafinin yanında olduğunu deyib.

Əl-Guveyil Qəzzafinin Sirtə şəhərinə getmə səbəbinin paytaxtı tənəzzüldən xilas etmək olduğunu vurğulayıb.

"Qəzzafiyə silahlı qrup və təyyarələrin Tripoliyə hücum edəcəyi məlumatı verilib. Qəzzafi də dövlət qurumlarını və paytaxtdakı insanların həyatını xilas etmək istədiyi üçün Sirtəyə getməyə qərar verib”- sabiq müşavir deyib.

Sabiq müşavir Qəzzafi ilə birlikdə Sirtə getməyə razılıq verməsini xahiş etdiyini deyib: "Amma Qəzzafi mənim Tripolidə qalıb işləməyə davam etməyimi istədi. Qəzzafi şəhid olacağına əmin idi, buna görə İtaliya işğalına müqavimətin simvolu olan Ömər Muxtarın məşhur ifadəsini sitat gətirdi və şəhid olacağını dilə gətirdi. Dedi ki, bu mənim vəsiyyətimdir: "Biz təslim olmuruq, ya qələbə çalarıq, ya da ölərik”.

Qəzzafi əl-Guveyilden ölümündən sonra təslim olmamasını və ərəb milli fikrini və birliyini möhkəmləndirmək işini davam etdirməsini xahiş edib.

Qəzzafinin hakimiyyətinin son dövrləri haqqında danışan əl-Güveyil bildirib ki, son günlərində o, demək olar ki, dövlət işləri ilə məşğul olmurdu: "Hakimiyyət Xalq Konqresi, Baş nazir və Ağsaqqallar Heyətinin sədrinin əlində olduğundan qərarları da onlar verirdi. Qəzzafinin işi ancaq vətəndaşlara atəş açmadan vəziyyəti nəzarət altına almaq üçün tapşırıqlar verməkdən idi”.

Qəzzafinin müşaviri deyib ki, o zaman Liviyanın qızılı və pulları Mərkəzi Bankda saxlanılırdı: "Həmin qızıllar və pullar silahlı qruplar, milislər və bəzi şəxslər tərəfindən talan edildi”.

Qeyd edək ki, Qəzzafi 2011-ci ilin oktyabrın 20-də Sirtə şəhərində silahlı qruplar tərəfindən öldürülüb.

Xəbər lenti