Xəzər Xəbər

Kaliforniya şərabında Fukusima fəlakətinin izləri aşkar edilib

Dünya | 13:36 • 22 İyul 2018
Kaliforniya şərabında Fukusima fəlakətinin izləri aşkar edilib

2011-ci ildə Yaponiyanın "Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş nüvə fəlakətinin izləri yeddi il sonra ABŞ-ın Kaliforniya ştatında istehsal olunan şərab məhsullarında aşkar edilib.


AZƏRTAC xəbər verir ki, "The New York Times” qəzetində dərc olunmuş məqalədə fransız nüvə fiziklərinin Şimali Kaliforniyada istehsal olunmuş şərab məhsullarında Fukusima fəlakətinin izlərinə rast gəldikləri bildirilir. Alimlərin "Fukusima-1” AES-də baş vermiş qəzadan sonra satışa verilmiş 18 şərab şüşəsində apardığı tədqiqat zamanı radioaktiv maddələrin normadan artıq olduğu aşkar edilib. "Cabernet” şərabında isə bu göstəricilər normadan iki dəfə çox olub.


Fransız Tədqiqat Mərkəzinin fiziki Mikael Pravikoff bildirib ki, onun daxil olduğu tədqiqat qrupu bütün dünyada şərab məhsullarında radioaktiv maddələrin miqdarını ölçməklə məşğuldur. "Soyuq müharibə” dövründə ABŞ və SSRİ-nin nüvə sınaqları, habelə Çernobıl nüvə fəlakəti zamanı bu məhsullarda "cesium-137” adlanan və yalnız nüvə partlayışları nəticəsində meydana gələn radioaktiv izotopların miqdarı daha çox olub.


M.Pravikoff əlavə edib ki, Dünya Səhiyyə Təşkilatının hesabatlarında "cesium-137” izotopunun insan orqanizminə daxil olması nəticəsində xərçəng xəstəliyi riskinin artması göstərilib.

Xəbər lenti