Xəzər Xəbər

Malayziyanın itmiş təyyarəsinin axtarışı mayın 29-da başa çatdırılacaq

Dünya | 14:34 • 23 May 2018
Malayziyanın itmiş təyyarəsinin axtarışı mayın 29-da başa çatdırılacaq

Kuala-Lumpur şəhərindən Pekinə MH370 reysini həyata keçirərkən yoxa çıxmış "Boeing 777” təyyarəsinin Amerikanın "Ocean Infinity” kompaniyası tərəfindən axtarışı gələn həftə başa çatacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Entoni Loke bildirib. "Mən bu gün səhər məsələni hökumətin müzakirəsinə çıxardım, axtarışların mayın 29-na qədər uzadılması qərara alındı”, - deyə nazir vurğulayıb. Bunun axtarış işlərinin artıq uzadılmayacağı mənasına gəldiyi barədə suala Loke təsdiqləyici cavab verib.

Bu ilin əvvəlində sabiq Baş nazir Nacib Razzak hökuməti təyyarənin axtarışlarının bərpa olunması barədə "Ocean Infinity” kompaniyası ilə saziş imzalamışdı. Bunun üçün 8 müstəqil dərinlik aparatı ilə təchiz olunmuş "Seabed Constructor” gəmisi icarəyə götürülmüşdü. Yanvarın 22-də başlayan axtarışlar 90 sutka davam etməli idi. Razılaşmaya əsasən, kompaniya pulu yalnız layneri tapdığı təqdirdə ala biləcəkdi. İlkin hesablamalara görə, söhbət 70 milyon dollardan gedə bilər.

Xatırladaq ki, Kuala-Lumpur - Pekin reysini həyata keçirən Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi 2014-cü il martın 8-də radarlardan itib. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Uzunsürən axtarışlara baxmayaraq, laynerdən hələ də bir iz tapılmayıb.

Xəbər lenti