Xəzər Xəbər

Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

Dünya | 18:19 • 21 Noyabr 2017
Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

Noyabrın 20-də Ukraynadakı qondarma "Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskiy daxili işlər naziri İqor Korneti vəzifəsindən azad edib.

APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, buna səbəb İ. Kornet barədə detalları açıqlanmayan cinayət işinin başlanması olub.

Bu gün isə Daxili İşlər Nazirliyinin binası zirehli maşınlar, avtomat və qumbaraatanlarla silahlanmış əsgərlər tərəfindən mühasirəyə alınıb. Onların İ. Plotnitskiyə loyal hərbçilər olduğu bildirilir. Luqansk şəhərinə Donetskdən hərbçilərin olduğu üç "Ural” maşını da gəlib.

İ. Kornet yaydığı bəyanatda Ukrayna xüsusi xidmət orqanları və "Luqansk Xalq Respublikası”nın təhlükəsizlik orqanının rəhbəri Anastasiya Şurkayevanın baş verənlərin arxasında olduğunu bildirib. Onun sözlərinə görə, "Luqansk Xalq Respublikası”nın administrasiyasının rəhbəri İrina Teytsman və "Daxili İşlər Nazirliyi”nin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Yevgeni Seliverstovun 2016-cı ilin sentyabrında "Luqansk Xalq Respublikası”nda dövlət çevrilişi cəhdində iştirak etdikləri üzə çıxıb: "Nəticədə sabiq baş nazir və mənim döyüş yoldaşım Gennadi Tsıpkalov öldürülüb, Xalq Milisi İdarəsinin komandir müavini Vitaliy Kiselyov uzunmüddətli həbsə məhkum edilib”.

İ. Plotnitskiy isə İ. Korneti istefaya göndərməklə düzgün addım atdığını söyləyərək hadisələrə görə sabiq naziri günahlandırıb. O, kadr dəyişikliklərinin davam edəcəyini vurğulayıb.

Xəbər lenti