Paşinyan erməniləri fəlakətə aparır - cəhənnəmə “yaxşı yol...”

23.10.2020 10:48

İşğalçı ölkənin baş naziri reallıq hissini itirib; ermənilər Bakıya yox, ona qarşı cəbhə açmalıdır; ABŞ-ın NATO-dakı rəsmisi: "Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir...”
Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan nə indi, nə də uzunmüddətli perspektivdə Qarabağ məsələsinin diplomatik həll yolunun mümkün olmadığını bildirib. Paşinyan ardınca bütün erməniləri "vətəni qorumaq” üçün könüllü dəstələr yaratmağa çağırıb. "Vətən” də hara olsa yaxşıdır? Azərbaycanın Dağlıq Qarabağ bölgəsi. Yəni bizim qanuni torpaqlarımız.

Çıxışdan sitat: "Qarabağdan danışarkən hər şeydən əvvəl xalqın hüquqlarından danışırıq. Ona görə ki, ”Artsax"sız Ermənistanın olmadığını bildirmişdik. Bu, o deməkdir ki, diplomatik yollarla hansısa məqbul variant əldə edə biləcəyimizədək silah götürüb mübarizə aparmalıyıq. Özü də mən məsələnin yekun həll yolundan danışıram. Bu xüsusda inanıram ki, bu proses xalqımızın liderliyi ilə təşkil edilməli və həyata keçirilməlidir".

Beləcə, işğalçı ölkənin avantürist rəhbəri öz xalqını necə gəldi silahlanmağa və cəbhəyə yollanmağa səsləyib. Guya xəbəri yoxdur ki, müharibə indi 90-cı illərdəki tək tüfəng- "5 açılan”la deyil, müasir silahlarla aparılır. Bu isə açıq-aşkar öz xalqını qırğına göndərmək deməkdir. Doğrudur, az sonra o, valı dəyişib və deyib ki, Bakı ilə danışıqlara hazırdır. Ancaq onun ermənilərə çağırışı qüvvəsində qalır.

*****

Nikol Paşinyanın bu şizofrenik fikirləri onsuz da miskin durumda yaşayan, pandemiya ilə problemləri daha da ağırlaşan (dünən Ermənistanda rekord sayda yoluxma qeydı alınıb - 2306!) sıravi və yoxsul ermənilərin haqlı narazılığa səbəb olub. Təbiidir. Ona görə ki, dərhal Azərbaycanın ərazi bütövlüyünü tanıyıb onunla yekun sülh sazişi imzalamaq, böhran və blokada vəziyyətində olan ölkəsini quyunun dibindən çıxarmaq əvəzinə, sonu bəlli olan müharibəni göz görə-görə davam etdirmək - öz xalqını, sadəcə, fəlakətə sürükləmək deməkdir. Yəni cəhənnəmə gedənin özünə yoldaş axtarması məsələsi.

Bu səbəbdən sosial şəbəkələrin erməni seqmentində Paşinyanın öz xalqını müharibəyə səsləməsi ciddi reaksiya yaradıb. Erməni KİV və sosial şəbəkə istifadəçiləri "Paşinyan müharibə yolunu seçdi, bu, erməni xalqının tamamilə məhv edilməsidir”,- deyə şərhlər yazır, Nikol Paşinyanı səriştəsizlikdə suçlayırlar.

Bəzi məlumatlara görə, hətta Ermənistanın olan-qalan kişi əhalisi müharibəyə getməmək üçün saxta yollarla özünü koronavirus xəstəsi kimi yazıdırır, bununla da heç olmasa, iki həftəliyə müharibədən yayınırlar... 

*****

Ermənistan rəhbərinin ağılsız addımlarını əslində anlamaq olar. Çünki hesab gününə bir şey qalmadığını o, yaxşı anlayır. Odur ki, cəbhədəki böyük hərbi uğursuzluğa görə öz məsuliyyətini erməni xalqı ilə bölüşməyə, lap dəqiqi onun üstünə qoymağa çalışır. Bunun əvəzinə, yəni daha böyük itkilərdən qaçmaq naminə Azərbaycanla təcili sülh danışıqlarına getmək lazım olduğu bir vaxtda. Nikol isə hətta "saman çöpünə” belə ümid yeri kimi baxır. Dağlıq Qarabağdakı oyuncaq qurumun tanınacağına bəslənən ümid də o sıradadır. Ancaq bu qəbildən gözləntilər də çoxdan iflas olub.     

Sorosçu avantüristə hələ də çatmayıb ki, əgər beynəlxalq birlik, o cümlədən ABŞ, Avropa Birliyi, Rusiya, hətta ermənipərəst Fransa sentyabrın 27-dən bu yana da Qarabağdakı oyuncaq rejimi "dövlət” kimi tanımayıbsa, demək, hamı İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı gözləyir, konfliktin həllində məhz bu prinsipi açar hesab edir. 

Yeri gəlmişkən, dünən ABŞ-ın NATO-dakı səfiri Beyli Xatçison konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməli olduğunu bəyan edib. "Bu problem 30 ildir irin verir. Münaqişəni ilkin mərhələyə, yəni erməni əhalinin mövcud ola biləcəyi Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyən ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk üçlüyü var. Münaqişə yalnız o zaman sona çatacaq. Konflikt hərbi yolla həll oluna bilməz. Bu, Azərbaycanın sərhədləri və suverenliyi daxilində həll edilməlidir. Bunun üçün çalışırıq. Rusiya da Fransa ilə eyni şeydə israr edir”, - deyə diplomat qeyd edib.

*****

Bu arada ABŞ-ın nüfuzlu "Nyu York Tayms” qəzeti Qarabağa "öz vətəni” uğrunda döyüşə göndərilmiş erməni hərbçiləri arasındakı ruh düşkünlüyündən yazıb.

"Amansız müharibənin ön cəbhəsi: Dağlıq Qarabağda ölüm və çarəsizlik” başlıqlı materialda bildirilir ki, erməni səngərlərində qorxu hakimdir. "Erməni səngərlərində qorxu hakimdir. Erməni silahlı qüvvələri Azərbaycana məxsus PUA-lar qarşısında tamamilə aciz durumdadır”, - deyə yazıda qeyd olunur.

Müəllif daha sonra yazır ki, Azərbaycan Ordusu artilleriya və PUA zərbələri ilə 27 sentyabrdan etibarən cəbhədə irəliləməyə davam edir. Bildirilir ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın PUA-larını sıradan çıxarmaq gücündə deyil. "Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan gəncləri və könüllüləri cəbhəyə göndərir. Hətta ön cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var”, - deyə materialda qeyd olunur.

Birinci Qarabağ savaşında iştirak edən erməni əsgər Artur Aleksanyan qəzetə deyib ki, əvvəllər "Kalaşnikov” avtomatları çox əhəmiyyətli idi, amma indi şərtlər fərqlidir. Yazıda deyilir ki, erməni əsgərlərinin ətrafları Azərbaycanın modern PUA-lar vasitəsilə sistematik şəkildə erməni tanklarını və digər təchizatlarını məhv etdiyi kraterlərə çevrilib.

Digər erməni əsgər Aleksanyan "O qədər sürətlidirlər ki, onlarla bacarmırıq. Qorxmadığımızı deməyəcəm. Hamımız çox qorxuruq”, - deyib. Ön cəbhədə döyüşən Tiqran Saakyan isə Azərbaycan əsgərlərindən qorxusunu belə ifadə edib: "Birini öldürürük, amma qaçmırlar. Daha sonra birini də öldürürük, sonra daha birini, amma gəlməyə davam edirlər. Robot kimidirlər, gəlməyə davam edirlər”.

*****

Azərbaycan işğalçının işini 3 günə bitirə bilər” - Moskvadan ermənilərə  siqnal, Bakıdan mesaj » Xeberekspress.az

Düşmənin heç şübhəsi olmasın, gəlməyə davam edəcəyik, gələcəyik! Ta Xankəndinə qədər. Çünki bu, bizim ana südü qədər halal torpaqlarımız, ata-baba yurdumuz, əcdadlarımızın vətənidir. Azərbaycan əsgərini ölümün gözünə dik baxmağa vadar, onu ölümsüz edən də bu hissdir - hansı ki, işğalçılarda yoxdur, ola bilməz!

Söz düşmüşkən, Müdafiə Nazirliyimiz erməni hərbçilərin döyüşə girməkdən imtina eləməsi barədə hər gün yeni-yeni xəbərlər yayır. Düz də edirlər. Kimin, nəyi naminə qurban getsinlər ki? Məsələ də ondadır ki, əgər erməni valideynləri, bütövlükdə erməni xalqı heç olmasa, bundan sonra öz övladlarının ucuz ölümə tuş olmasını istəmirlərsə, o zaman cəbhəni Bakıya qarşı yox, artıq reallıq hissini tam itirmiş, müharibəyə qadınları və dustaqlarını belə yollamağa qərar vermiş Paşinyana qarşı açmalıdır.

Sonra gec olacaq...


"Yeni Müsavat”

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR