Müğənninin qətlindən sonra baş verən toqquşmalarda ölənlərin sayı 239-a çatıb

08.07.2020 12:42

Efiopiyada məşhur müğənniyə sui-qəsddən sonra başlayan toqquşmalarda ölənlərin sayı artıb.

Bu barədə "France Press” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, toqquşmalarda həyatını itirənlərin sayı 239 nəfərə çatıb.

"Bölgədə baş verən toqquşmalarda 9 polis əməkdaşı, 5 könüllü ordu dəstəsinin üzvü və 215 mülki vətəndaş həlak olub”, - deyə Oromiya bölgəsinin polis komissarı vəzifəsini icra edən Mustafa Kedir bildirib.

Bundan başqa, 10 nəfər paytaxt Əddis-Əbəbə şəhərində həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl 166 nəfərin ölməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, ölkənin ən böyük etnik qrupu Oromoya mənsub olan müğənni, 34 yaşlı Haçalu Hundessa iyunun 29-da Əddis-Əbəbədə avtomobilində güllələnib, o, xəstəxanaya aparılsa da, bir neçə saat sonra vəfat edib. Polis onun qatillərinin və sui-qəsdin səbəblərinin bilinmədiyini açıqlayıb. Onun mahnıları Efiopiyanın əvvəlki Baş nazirinin vəzifəsindən getməsinə və ölkədə demokratik islahatlara yol açmağa sövq edən bir hərəkatı canlandırıb. Haçalu Hundessa mahnılarında ölkənin ən böyük etnik qrupunun haqlarının pozulmasına toxunub.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR