Almaniya ABŞ qazına qarşı cərimələr tətbiq edə bilər

05.06.2020 17:14

Rəsmi Vaşinqton "Şimal Axını-2" layihəsi üzrə təzyiqləri dayandırmasa, Almaniya ABŞ qazına qarşı cərimə rüsumları tətbiq edə bilər.

Bu barədə "RİA Novosti" Bundestaqın enerji komitəsinin rəhbəri Klaus Ernsta istinadən xəbər verir.

"ABŞ-ın bu məsələdə davranışı artıq dostluq aktı kimi başa düşülməməlidir, bu, Almaniyanın və Avropa İttifaqının suverenliyinə qəsddir", - deyə K. Ernst qeyd edib.
Qeyd edək ki, ABŞ Konqresi "Şimal Axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyi planlaşdırır. Bununla əlaqədar konqresin respublikaçı üzvləri Ted Kruz, Tom Kotton, Ron Conson, Con Brasso və demokrat Gene Şahen yeni layihə hazırlayıb. Layihəyə əsasən, sanksiyaların əhatə dairəsi genişləndirilərək yalnız boru kəmərinin tikintisində iştirak edən şirkətlərə deyil, eyni zamanda hüquqi dəstək verən, həmçinin sığorta və liman xidmətlərini təmin edən şirkətlərə də şamil olunacaq.

Sanksiyaların tətbiqi üçün layihə konqres tərəfindən təsdiqlənməli və daha sonra ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, bundan öncə Almaniya hökuməti "Şimal axını-2" layihəsini müsbət qiymətləndirdiyini və layihədə iştirak edən şirkətlərə dəstək göstərməyi planlaşdırdığını bildirmişdi.

Hökumət layihənin texniki baxımdan necə həyata keçiriləcəyini bilməsə də, "Şimal axını-2"nin tamamlanacağı ehtimalından irəli gəlir. Hökumət sözügedən qaz boru kəmərinin tikintisinə, ilk növbədə, iqtisadi layihə kimi baxır. Almaniya ABŞ-ın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirləri həyata keçirmək niyyətində deyil.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. "Şimal axını-2"nin tikintisi aparan İsveçrənin "Allseas" şirkəti tələbi yerinə yetirib. "Allseas" şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR