Trampın impiçmenti üzrə araşdırmaların nəticələri haqqında hesabat bəyənilib

05.12.2019 13:47

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Trampın impiçmenti üzrə araşdırmaların nəticələri haqqında hesabatı bəyənib.

Məruzə müəllifləri Prezident Donald Trampı impiçment haqqında işin araşdırılmasına mane olmaqda və Ukrayna Prezidentindən "2020-ci ilin prezident seçkilərinə müdaxilə etməyi” istəməkdə ittiham edirlər. Səsvermənin nəticələrinə görə, sənəd Nümayəndələr Palatasının məhkəmə komitəsinə göndərilib. Prezidentin impiçmenti prosesinə başlayıb-başlamamağı məhz bu komitə müəyyən edəcək.

Daha əvvəl Nümayəndələr Palatasının xarici işlər, kəşfiyyat, nəzarət və islahatlar komitələri tərəfindən dərc edilmiş 300 səhifəlik hesabatda Donald Trampın impiçmentinə dair iş üzrə demokratların dəlilləri ətraflı şərh edilib. Sənəd ABŞ Prezidentİ Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyulun 25-də baş tutmuş telefon danışığı barədə məlumat verən şəxsin məruzəsindən sonra ABŞ Konqresində demokratlar tərəfindən keçirilmiş bir neçə qapalı və açıq dinləmələrdən sonra dərc edilib. Tramp telefon danışığında Ukrayna Prezidentindən demokratlardan prezidentliyə namizəd Co Bayden və onun oğlu Hanter Bayden barəsində araşdırma aparılmasını xahiş edib.

Demokratlar hesabatda bildirirlər ki, Tramp administrasiyası Baydenlərə qarşı araşdırma başlamayacağı təqdirdə, Ukrayna administrasiyasını Kiyevə hərbi yardım üçün nəzərdə tutulmuş 250 milyon dollar vəsaiti dayandırmaq və iki prezidentin görüşünü təxirə salmaqla hədələyib və bunu sübut edən yetərincə dəlil var.

Londonda NATO sammitində iştirak edən Tramp hesabatın qəbul edilməsinə etinasız yanaşıb. Ağ Evin mətbuat katibi Stefani Qrişam deyib: "Birtərəfli qondarma prosesin sonunda nə sədr Adam Şiff, nə də demokratlar Prezident Trampın qaydaları pozmasına dair heç bir sübut təqdim edə bilməyiblər”. (AZƏRTAC)

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR