Əfqanıstanda hava zərbələri nəticəsində 8 dinc sakin həlak olub

22.07.2019 18:10

Əfqanıstanın Loqar əyalətində "Taliban” silahlılarının bazasına endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əyalət polisinin sözçüsü Şahpur Əhmədzai bildirib ki, ABŞ-ın hava qüvvələri Bəraki Bərat rayonunda iyulun 22-nə keçən gecə "Taliban”ın yerüstü hədəflərini bombalayıb. Onun sözlərinə görə, ən azı səkkiz dinc sakin ölüb, ərazidə olan silahlıların itkiləri barədə isə məlumat yoxdur. Əyalətin Tolo News nəşrinin xəbərində isə Əfqanıstan paytaxtından 100 kilometrlik məsafədə yerləşən bu rayona hava zərbələri endirilməsi təsdiqlənib.

Qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə "Taliban”la hökumət rəsmiləri arasında aparılan danışıqlardan sonra ölkədə tərəflər arasında döyüşlər daha da şiddətlənib və itkilərin sayı artıb. Yerli mənbələr bildirirlər ki, iyulun ilk ongünlüyündə dinc əhali arasında ölənlərin sayı 100 nəfərdən çoxdur. Əyalət parlamentinin üzvü Cavid Mücədedi bildirib ki, hazırda "Taliban” Bədəxşan əyalətinin mineral ehtiyatları ilə zəngin olan Kəran və Məncan rayonunu ələ keçirməyə çalışır. Burada yerləşən lazurit mədənləri uğrunda döyüşlər gedir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR