Ağ ev NASA-nı silkələdi: Agentlikdə mühüm islahatlar başlayıb

11.07.2019 17:30

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyinin (NASA) 2024-ci ildə Aya yenidən pilotlu missiya göndərmək qərarının müzakirə olunduğu və Prezident Donald Trampdan bununla bağlı dəstək istənildiyi bir vaxtda agentliyin rəhbərliyində ciddi kadr dəyişiklikləri olub.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ən böyük istefa NASA-nın Aya pilotlu missiya proqramına rəhbərlik edən Bil Gertenmayerin vəzifəsindən ayrılması olub. O, 1977-ci ildən agentlikdə işləyib və 14 il insan ehtiyatları departamentinə rəhbərlik edib. Bundan başqa, may ayında NASA rəhbərinin köməkçisi Mark Sirangelo da tutduğu vəzifədən azad edilib.

NASA-nın rəhbəri Cim Braydenstayn jurnalistlərə bildirib ki, agentlikdə kadr dəyişiklikləri davam edəcək. O əlavə edib: "Bildiyiniz kimi, NASA 2024-cü ildə biri ilk qadın olmaqla, iki nəfərlik missiyanı Aya göndərməyi planlaşdırır. Bu prosesi yüksək səviyyədə həyata keçirmək məqsədilə agentliyin missiya ilə bağlı departamentində ciddi kadr dəyişikliyi etməyə qərar verdim”.

NASA-nın bu vəzifəni icra edəcək yeni departament rəhbəri keçmiş astronavt və İlon Maskın "SpaceX” proqramının vitse-prezidenti Ken Bouersoksdur. Bil Gertenmayer isə NASA rəhbərinin müavini Cim Morhardın köməkçisi olacaq.

Ekspertlər qeyd edirlər ki, Ağ ev NASA-nın fəaliyyətindən, xüsusən Kosmik Uçuşlar Sistemindən məyusluğunu gizlətmir və hesab edir ki, sərf olunan maliyyə vəsaitləri özünü yetərincə doğrultmur. Onların qənaətinə görə, agentlikdə baş verən kadr dəyişiklikləri də bununla bağlıdır. ABŞ-ın vitse-prezidenti Mayk Pens agentlikdən Aya missiya üzrə strukturun yenidən təşkil edilməsini tələb edib. O deyib: "Əgər NASA beş il müddətində Amerika astronavtlarının Ayın səthinə enməsinə nail olmasa, biz missiyanı deyil, bu təşkilatı dəyişəcəyik”.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR