Şimali Koreyanın “Hvason-15” raketləri ABŞ ərazisinə çata bilər

11.07.2019 15:52

ABŞ Silahlı Qüvvələrinin Koreya Respublikasındakı komandanlığı hesab edir ki, Şimali Koreyanın qitələrarası "Hvason-15” raketləri ABŞ ərazisinə zərbə endirməyə qadirdir.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı hərbçilərin bu qiymətləndirməsi "2019 Strategic Digest” jurnalında dərc olunub.

"Qitələrarası "Hvason-15” raketləri ABŞ-ın materik hissəsində istənilən hədəfə çata bilər. KXDR, həmçinin 5,5 min kilometr uçuş məsafəsi olan iki ədəd qitələrarası "Hvason-13” və 12,87 min kilometr məsafə qət edən "Hvason-14” raketinə malikdir”, - məqalədə belə deyilir. ABŞ Silahlı Qüvvələrinin Koreya Respublikasındakı komandanlığı KXDR lideri Kim Çen Inın raket və nüvə sınaqları üçün nəzərdə tutulmuş poliqonların ləğvinə göstəriş verməsinə baxmayaraq, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib.

Pxenyan yeni tip qitələrarası "Hvason-15” raketini 2017-ci ilin noyabrında sınaqdan keçirib. Raket 4475 kilometr hündürlüyə qalxaraq 950 kilometr məsafə qət edib.

Xatırladaq ki, ABŞ və KXDR arasında 2018-ci il iyulun 12-də Sinqapurda baş tutan ilk sammitin nəticəsinə əsasən Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən 2-ci ABŞ-KXDR sammiti isə nəticəsiz başa çatıb. Pxenyan və Vaşinqton birgə sənəd imzalamaqdan imtina edib, lakin dialoqu davam etdirmək barədə razılıq əldə olunub.

© xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR