Çində dolu və daşqınlar nəticəsində 6 nəfər ölüb

09.06.2019 15:12

Çinin şərqindəki Ciansi vilayətində bir neçə gündür davam edən şiddətli yağış və dolunun yaratdığı fəsadlar 6 nəfərin ölümünə, bir nəfərin itkin düşməsinə səbəb olub.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, yağış və dolunun yaratdığı daşqın və sel 77 min hektar əkin sahəsini məhv edib, 118 ev tamamən, 97-si isə qismən dağılıb.

Pis hava şəraiti ilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Təbii fəlakət zonasına mülki müdafiə qüvvələri cəlb olunub. Bölgədən 88 min nəfər təxliyə edilib. Təxminən 45 min nəfərin təxirəsalınmaz yardıma ehtiyacı var. Ciansi vilayətində ümumi maddi zərər 1,59 milyard yuan (230 milyon ABŞ dolları) qiymətləndirilir.

Şiddətli yağışlar ölkənin cənubundakı Quansi Cuan muxtar bölgəsində də ciddi fəsadlara səbəb olub. Fövqəladə idarəetmə məntəqəsindən verilən məlumata əsasən, Nannin, Quylin, Xıçi və Fançenqan şəhərilərində daşqınlar meydana gəlib. Bölgədə 30 mindən çox sakinə zərər dəyib, 800 nəfər təxliyə edilib. Ümumilikdə, 3400 hektar əkin sahəsi yararsız hala düşüb, 22 ev dağılıb. Ümumi maddi zərər 2,4 milyon dollar təşkil edir.

Regional meteorologiya bürosu şiddətli yağışların iyunun 12-dək davam edəcəyini açıqlayıb.

© xezerxeber.az

FOTOQALERIYA






98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR