Xəzər Xəbər

Ermənistanın milli valyutasının devalvasiyası davam edir

Dünya | 12:58 • 26 Noyabr 2020
Ermənistanın milli valyutasının devalvasiyası davam edir

Müharibənin başladığı tarixdən iki ay müddətində Ermənistan milli valyutası digər valyutalara nisbətdə 6-7 % dəyər itirib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, iki ay əvvəlcədən Mərkəz tərəfindən proqnozlaşdırılan kimi, erməni dramının devalvasiyası başlayıb. Çünki drama etimad azalıb.


Mərkəzinin baş analitiki Günay Quliyevanın sözlərinə görə, Ermənistanın xarici valyuta ehtiyatlarında da yüksək azalma müşahidə edilib ki, möhkəm valyuta ehtiyatları 2,278 mlrd. ABŞ dollara qədər azalıb.


"Azalma 2019-cu ilin oktyabr ayı ilə 2020-ci ilin eyni ayının müqayisəsində 7,4% olub. 2020-ci il yanvar-oktyabr ayları ərzində ümumi azalma 19,9% təşkil edib. Ermənistanın Mərkəzi Bankının qızıl və SDR (Special Drawing Rights) nəzərə alınmadan ümumi valyuta ehtiyatları 1,8 mlrd. dollara düşüb. Yalnız 2020-ci ilin oktyabr ayında xarici valyutadakı aktivlər 5,3% azalıb, SDR-nin Beynəlxalq Valyuta Fondundakı payı 0,3% əhəmiyyətsiz dərəcədə artıb”, - deyə G. Quliyeva qeyd edib.


Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına istinadən sürətlə yayılan Covid-19 pandemiyası və Azərbaycanla 6 həftəlik müharibədən sonra 2020-ci ilin üçüncü rübündə ÜDM-də ötən illə müqayisədə 9,1%, ötən ilin eyni dövrü müqayisədə isə 13,7% daralma müşahidə olunub. Bu, 2009-cu ilin üçüncü rübündən bəri iqtisadi fəaliyyətdəki ən kəskin daralma idi. İqtisadi daralmadan ən çox təsirlənən sektorlar tikinti (-39,5%, birinci rüblə müqayisədə -12,1%), dövlət idarəetmə sektorları (-52,4%, birinci rüblə müqayisədə -3,1%), su təchizatı (-37,3%, birinci rüblə müqayisədə -28,4%), nəqliyyat və saxlama (-32,9%, birinci rüblə müqayisədə -8,7%), topdansatış və pərakəndə ticarət (-19,9%, birinci rüblə müqayisədə 1%) sektorlarıdır.


Ermənistan Mərkəzi Bankının verdiyi məlumatlara əsasən 2020-ci ilin ikinci rübündə cari hesablar balansının mənfi saldosu 143,56 mln. dollar təşkil edib. Ermənistanın 1991-ci ildən bəri fasiləsiz davam edən cari əməliyyatlar balansındakı defisit xroniki xarakter daşıyır.


G. Quliyevanın sözlərinə görə, Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər - büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsir də Ermənistan milli valyutasına təzyiq göstərən əsas amillərdəndir.


"Digər tərəfdən turizm sektoru Ermənistanın ÜDM-in 11,8%-ni formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12,5%-i məhz bu sektorda çalışır. Keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90%-dən çox azalmışdır. Bu da öz növbəsində Ermənistana gətirilən xarici valyutaların kəskin surətdə azalmasına gətirib çıxardıb”, - deyə G. Quliyeva qeyd edib.


Ekspertin sözlərinə görə, Ermənistandakı dövlət borcu, 2020-ci ilin ikinci rübündə 3,7 trln. drama yüksəlib. Hökumətin 2020-ci il üçün dövlət büdcəsi layihəsində xarici borcun ümumi daxili məhsulun (ÜDM) 49,5%-nə enəcəyi proqnozlaşdırılmışdı. Lakin gözləntilərin əksinə xarici dövlət borcu daha da artaraq ÜDM-in 66,5%-nə bərabər olub.


"Ermənistan iqtisadiyyatına vurulan digər zərbə birbaşa xarici investisiyalarla (BXİ) bağlıdır ki, 2020-ci il Dünya İnvestisiya hesabatına əsasən Ermənistan iqtisadiyyatına 2019-cu ildə qoyulan xarici sərmayə cəmi 254 mln. dollar olub. Müqayisə üçün bildirək ki, bu Azərbaycana qoyulan sərmayədən 6 dəfəyə yaxın aşağıdır. Müharibənin də Ermənistanın investisiya mühitinə mənfi təsiri qaçılmazdır, növbəti ildə də uzunmüddətli azalma davam edə bilər. 2019-cu ildə yerli birbaşa investisiya axınları cəmi 99 mln. dollar (2018-ci ildə 230 mln. dollar, 2017-ci ildə 193 mln. dollar) olub. Yerli investisiyaların da həcmində kəskin azalma müşahidə olunur”, - deyə G. Quliyeva bildirib.


G. Quliyevanın sözlərinə görə, Ermənistanda 2020-ci ilin yanvar-oktyabr aylarında daxili ticarət 2,3 trln. dram səviyyəsinə düşüb (bir əvvəlki ilə nisbətən 12,5% azalma), əvvəlki aya nisbətən isə bu göstərici 13,4% azalıb.


"İnflyasiyanın qarşısını almaq üçün Ermənistan hökuməti valyuta bazarına intervensiya siyasətindən istifadə edə bilər ki, bu da öz növbəsində Mərkəzi Bankın rezervlərinin azalmasını şərtləndirəcək”, - deyə ekspert əlavə edib.

Xəbər lenti