Xəzər Xəbər

Rusiya KİV-ləri: Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb

Dünya | 19:27 • 13 İyul 2020
Rusiya KİV-ləri: Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb

Pandemiya dövründə Ermənistanda müxalifət sıx birləşməyi davam etdirdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın mövqeləri zəifləyib. Bu şəraitdə ictimaiyyətin diqqətini daxili siyasətdən xarici təhlükəyə yönəltmək sınaqdan çıxarılmış addımdır. Hərçənd, bu dəfə həmin addımın səmərəli olacağı şübhə doğurur.


Bu fikirləri ekspert Renat Abdullin "News.ru” saytında dərc edilmiş "Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb” sərlövhəli məqaləsində şərh edib. O yazır: "2016-cı il hadisələri göstərdi ki, xarici oyunçular bu münaqişəyə müdaxilə etməyə çalışmırlar, lakin hər halda tərəfləri hərbi əməliyyatlardan çəkindirirlər. Əksər ölkələr kimi Rusiya da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, ona görə də Yerevanın təklif etdiyi kimi KTMT-nin real cəlb edilməsi yolverilməzdir”.


Müəllif vurğulayır ki, Bakı həmişə qan tökülməsinin əleyhinə çıxış edir. Məqalədə deyilir: "Məsələn, 2018-ci ilin baharında Azərbaycan Ermənistanda iğtişaşlar dövründən Qarabağ məsələsinə təzyiq göstərmək üçün istifadə etmədi, hərçənd artıq bir neçə ildir ki, münaqişə zonasında qüvvələrin real nisbəti Yerevanın xeyrinə deyil. 2016-cı ilin aprelində lokal məğlubiyyət Ermənistan cəmiyyətində ölkə rəhbərliyinin fəaliyyət qabiliyyətli olmamasının nümayişi kimi qəbul edildi, xüsusən ona görə ki, bu hadisələr Moskva və Bakı tərəfindən silahlar barədə müqavilələrin reallaşması fonunda baş verirdi. Bunun ardınca "Sasna Srer” radikal qruplaşmasının qiyamı və etiraz aksiyaları ovaxtkı Prezident Serj Sarkisyanın mövqelərini yaxşıca laxlatdı və sonda onun devrilməsi ilə nəticələndi. Bu baxımdan, vəziyyəti kəskinləşdirmək Ermənistanın indiki rəhbərliyi üçün sərfəli deyil, lakin Paşinyan ölkə daxilində siyasi xal qazanmaq üçün vaxtaşırı olaraq Qarabağ məsələsində mübarizlik mövqeyi nümayiş etdirir”.


Müəllif bir məsələni də bununla əlaqələndirir ki, Ermənistan Müdafiə Nazirliyi münaqişə zonasında həqiqi vəziyyəti öz vətəndaşlarından gizlədir. R.Abdullin yazır: "İstifadəçilər döyüş mövqelərindən alınmış məlumatlara istinadla göstərirlər ki, erməni komandirləri həm canlı qüvvədə, həm də döyüş texnikasında itki verdiklərini etiraf edirlər. Ölənlərin və yaralananların sayı azı 15 nəfərdir. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi öz hərbi qulluqçularının həlak olmasını dərhal bildirib”.


Məqalədə vurğulanır ki, bu dəfə vəziyyətin kəskinləşməsi "münaqişənin davam etməsindən daha çox Ermənistanın hakimiyyət orqanlarının daxili siyasətdə xal qazanmaq xatirinə xarici siyasət kartı ilə oynamaq cəhdi kimi təsir bağışlayır”.


Məqalədə deyilir: "Koronavirus pandemiyası baş nazir Paşinyana ciddi zərbə vurub. İki il bundan əvvəl xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş bu siyasətçinin reytinqi xeyli azalıb. Həm parlament, həm də qeyri-parlament müxalifəti getdikcə fəallaşır, hətta karantin şəraitində də Yerevanda keçirilən mitinqlər isə göstərir ki, müxalifət əhalinin dəstəyini qazanıb”. Müəllif daha sonra yazır: "Xalqın Paşinyandan narazılığının səbəbləri çoxdur. Əvvələn, əhalinin bir qismi hesab edir ki, hökumət koronavirus epidemiyasına adekvat cavab verə bilməyib. Bu cür narazılıqları izah etmək çətin deyil: Ermənistan epidemioloji vəziyyət baxımından postsovet məkanında ən pis vəziyyətdədir. İyulun 13-nə olan məlumata görə ölkədə 32 mindən çox yoluxma halı qeydə alınıb. İkincisi, bu da qanunauyğun suallar doğurur ki, Paşinyan pandemiyadan öz siyasi təşəbbüslərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Ölkədə hələ mart ayında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi davam edir. İyulun 13-də hökumət bu rejimin müddətini avqustun 12-dək uzadıb. Bunu təhlükəsizlik mülahizələri ilə izah etsələr də, əslində güclənməkdə olan etiraz əhvalını yumşaltmaq imkanı kimi təsir bağışlayır. Üçüncüsü, baş nazir pandemiyadan bəhanə kimi istifadə edərək bir sıra, o cümlədən güc qurumlarında heç də birmənalı olmayan dəyişikliklər aparmaqla orada özünə loyal adamların mövqelərini daha da möhkəmlədib. Nəhayət, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi və bunun nəticəsində, məsələn, Hrayr Tovmasyanın ölkənin Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən çıxarılması da əhalinin və Paşinyanı tənqid edənlərin diqqətindən yayınmayıb”.


Müəllifin fikrincə, bu şəraitdə aşkardır ki, baş nazir sınanmış metoddan istifadə etməyi - ictimaiyyətin diqqətini xarici siyasətə yönəltməyi qərara alıb. Azərbaycan ilə ərazi mübahisəsi Ermənistan əhalisi üçün sınaqdan çıxarılmış birləşdirici amildir. Bu da simptomatikdir ki, sərhəddə vəziyyətin kəskinləşməsi məhz fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar qəbul edilməsi ərəfəsində baş verib. Ölkə sakinlərinin çoxu bundan narazıdır, çünki bu rejim səmərə vermir. Nəticədə hökumətin yeni qərarına demək olar ki, əhəmiyyət verilməyib, döyüş əməliyyatları barədə xəbərlər bu qərarı gündəlikdən sıxışdırıb.


R.Abdullin sonda yazır: "Tovuz rayonunda münaqişə Yerevan ilə Bakı arasında danışıqlar prosesinin taleyini sual altına alır. İyunun sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan videorabitə rejimində danışıqlar aparıb və Dağlıq Qarabağda vəziyyətin müzakirəsini bu ay davam etdirmək barədə razılığa gəliblər. İndi dialoqun davam etdirilməsi az ehtimal olunur, lakin bu, Ermənistanın baş nazirinin məntiqinə tamamilə uyğundur: az adam inanır ki, közərməkdə olan münaqişəni yaxın gələcəkdə həll etmək mümkün olacaq, Paşinyana isə öz laxlamış mövqelərini mümkün qədər tezliklə möhkəmlətmək lazımdır”. (AZƏRTAC)

Xəbər lenti