Xəzər Xəbər

Yaponiyanın cənub-qərbindəki ərazi “fövqəladə fəlakət zonası” elan ediləcək

Dünya | 12:35 • 8 İyul 2020
Yaponiyanın cənub-qərbindəki ərazi “fövqəladə fəlakət zonası” elan ediləcək

Yaponiyanın Baş Naziri Şinzo Abe hökumətin əlaqədar strukturlarına ölkənin cənub-qərbində leysan yağışlar nəticəsində yaranmış vəziyyətlə əlaqədar ərazini "fövqəladə fəlakət zonası” elan etmək üçün işləri sürətləndirməyi tapşırıb. Belə olacağı təqdirdə, həmin ərazidə zərərçəkənlərə həyatlarını bərpa etmək üçün xüsusi kömək göstəriləcək.


Baş Nazir bu tapşırığı fövqəladə hallar üzrə qərargahın iclasında verib. Ş.Abe deyib ki, daşqınlar və torpaq sürüşmələri bir sıra ərazilərin ölkənin əsas hissəsi ilə əlaqəsini kəsib. O, itkin düşənlərin axtarışlarının sürətləndirilməsini və digər zərərçəkənlərə göstərilən yardımları artırmağa çağırıb. Bununla yanaşı, Ş.Abe ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına cəlb edilənlərin sayının artırılması barədə də göstəriş verib.


Baş nazir, həmçinin bildirib ki, təbii fəlakət rayonlarında çoxlu miqdarda tullantı və palçıq toplanıb. Bunların təmizlənməsi istiqamətində görülən tədbirlər ərazidəki əhalinin həyat şəraitinin bərpasına yardım edəcək. O, qərargahın üzvü olan nazirlərə yerli administrasiyalarla sıx əlaqədə işləməyi və əlbir fəaliyyət göstərməyi də tapşırıb. Bildirib ki, güclü yağışların böyük ziyan vurduğu ərazinin "fövqəladə fəlakət zonası” elan olunması istiqamətində işin sürətləndirilməsi dəyən zərərin qiymətləndirilməsinə və yerli əhaliyə yardıma xüsusi təsir göstərəcək.


Güclü yağışların hazırda ölkənin mərkəzi hissəsinə doğru hərəkət etdiyini bildirən Ş.Abe əhalini ehtiyatlı olmağa, yerli hakimiyyət orqanlarını lazımi tədbirləri vaxtında həyata keçirməyə çağırıb. (AZƏRTAC)

Xəbər lenti