Xəzər Xəbər

Seul və Vaşinqton hərbi təlimlərlə bağlı razılığa gələ bilmirlər

Dünya | 22:18 • 29 May 2020
Seul və Vaşinqton hərbi təlimlərlə bağlı razılığa gələ bilmirlər

Koreya Respublikası və ABŞ pandemiya səbəbindən baş tutmayan birgə hərbi təlimlərin məqsədi barədə razılığa gəlməyə çalışır.


AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Seul təlimlərin orduya operativ nəzarətin müharibə zamanı Birləşmiş Ştatlardan Şimali Koreyaya keçməsi məqsədilə ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin qiymətləndirilməsi üçün keçirilməsində israrlıdır. Hazırda Cənubi Koreya öz qoşunlarına yalnız dinc vaxtlarda komandanlıq edə bilir.


Amerikalı hərbçilər isə öz növbəsində gələcək təlimlərin koronavirus səbəbindən ləğv edilən və ənənəvi olaraq birgə müdafiə qabiliyyətinin artırılmasına hesablanan bahar manevrlərini əvəzləyəcəyini iddia edir.


İki ölkənin müştərək hərbi manevrləri taktiki müdafiə fənlərinin nəzərdən keçirilməsi üçün ildə iki dəfə həyata keçirilir. Koronavirusla bağlı vəziyyət səbəbindən baharda keçirilməsi nəzərdə tutulan təlimlər qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Yüksək vəzifəli məmurların məlumatına görə, hazırda ABŞ və Koreya Respublikası birgə manevrlərin avqust ayında keçirilməsi imkanlarını müzakirə edirlər.


Qeyd edək ki, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən sonra Seul düşmənin qəfil hücumu zamanı ölkənin müdafiəsini təşkili üçün öz qoşunlarını idarə etmək hüququnu ABŞ-a vermişdi. Cənubi Koreya yalnız 1994-cü ildə dinc dövrlərdə öz ordusuna komandanlıq etmək hüququnu özünə qaytarmışdı. Bununla belə, Vaşinqton indiyə qədər silahlı münaqişələr zamanı Cənubi Koreya qoşunlarına operativ idarəetmə imkanlarına malikdir. Bəzi analitiklərin fikrincə, ABŞ-ın razılığı əldə olunsa, öz qoşunları üzərində tam operativ nəzarət hüququ 2022-ci ildə Koreya Respublikasına təhvil verilə bilər.

Xəbər lenti