Xəzər Xəbər

Nyu-Yorkdakı Mərkəzi park koronavirusa yoluxanlar üçün səyyar hospitala çevriləcək

Dünya | 14:32 • 1 Aprel 2020
Nyu-Yorkdakı Mərkəzi park koronavirusa yoluxanlar üçün səyyar hospitala çevriləcək

Bu həftə Nyu-Yorkda yerləşən Mərkəzi parkda 68 çarpayılıq improvizə olunmuş xəstəxana açılacaq. Səyyar hospital artıq COVID-19 virusuna yoluxmuş pasiyentlərlə dolu olan şəhər xəstəxanaları üzərinə düşən yükün azaldılması məqsədi daşıyır.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, səyyar hospital 14 çadırdan ibarət olacaq və əvvəlcə Bruklindəki "Maunt-Sinay" xəstəxanasından, daha sonra Kvinsdə yerləşən "Maunt-Sinay" xəstəxanasından pasiyentləri qəbul edəcək. Nyu-York Administrasiyasının dərc etdiyi məlumata görə, Bruklin və Kvins Nyu-Yorkun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı iki rayonudur. 

Xəstəxana "Samarityanlının cüzdanı" Yevangeliya Xristianlarının Beynəlxalq Humanitar Təşkilatının vəsaiti ilə tikilib.

Təşkilatdan bildiriblər ki, səyyar hospitalın tikintisində yerli kilsələrdən olan könüllülər iştirak ediblər. Lakin bu səyyar hospital keçid məntəqəsi olmayacaq, yalnız artıq "Maunt-Sinay" xəstəxanalarında yerləşən pasiyentləri qəbul edəcək. Ekspertlər güman edirlər ki, tezliklə şəhərin bir neçə yerində belə müvəqqəti hospitallar açıla bilər, çünki virusa yoluxanların sayı günü-gündən əhəmiyyətli dərəcədə artır.

Qubernator Endrü Kuomonun verdiyi məlumatda bildirilir ki, martın 31-nə olan vəziyyətə görə 66 mindən çox adamın COVID-19 virusuna yoluxması qeydə alınıb.

Xəbər lenti