Xəzər Xəbər

Çin iqtisadiyyatı dirçətlmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq

Dünya | 15:54 • 26 Mart 2020
Çin iqtisadiyyatı dirçətlmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq

Çində 2,5 günlük həftəsonu tətilinin tətbiqinə başlanılacaq.

Yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etmək, bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2,5 günlük həftəsonu tətili tətbiq ediləcək.

Ciansu vilayəti hökuməti istehlakın təşviqi məqsədilə plan da hazırlayıb. Bura bəzi turizm məkanlarına biletlərin qiymətində 50 faizlik endirimlərin tətbiqi, habelə müxtəlif təşkilatlar və şirkətlərin öz işçilərinə pulsuz səyahət vauçerləri verməsi də aiddir.

Vilayət hökumətinin açıqlamasında qeyd olunur ki, 2,5 günlük həftəsonu tətili işçilərə qısa müddətə səyahətə getməyə imkan yaradır. Bu da öz növbəsində turizm sektorunda istehlakın stimullaşdırılmasına, nəticə etibarı ilə iqtisadiyyatın canlanmasına şərait yaradacaq.

Cıcian və Qansu vilayətlərinin rəhbərliyi də 2,5 günlük həftəsonu tətilinin iqtisadiyyatın dirçəlişinə dəstək olacağını düşünür.

Qeyd edək ki, Çin ictimaiyyətində, xüsusən də sosial şəbəkələrdə xeyli vaxtdır 2,5 günlük həftəsonu tətilinin tətbiqi ilə bağlı müzakirələr aparılırdı. COVID-19 infeksiyasının yayılması ölkədəki müəssisələrin, o cümlədən turizm və iaşə obyektlərinin, ticarət mərkəzlərinin böyük əksəriyyətinin bağlanmasına, nəticədə turizm və nəqliyyat da daxil olmaqla bir çox sektorda tənəzzülə səbəb olmuşdu. Son günlər Çində epidemioloji vəziyyətin yaxşılaşmasından yararlanan hökumət müxtəlif addımlarla iqtisadiyyatın dirçəlişinə dəstək verməyə çalışırlar.

Çin Turizm Akademiyasının hesabatına əsasən, ilin ilk rübündə daxili turizm dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70, bütün il üçün isə 20,6 faiz azalmaq qeydə alınacaq. (AZƏRTAC)

Xəbər lenti