Xəzər Xəbər

Fransa Prezidenti : Pandemiyanın pik dövrü yaxınlaşır

Dünya | 09:42 • 26 Mart 2020
Fransa Prezidenti : Pandemiyanın pik dövrü yaxınlaşır

Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.

COVID-19-a ən çox məruz qalmış Müluz şəhərində yaradılmış səyyar hərbi xəstəxanaya baş çəkən Fransa Prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.

Prezident Makron COVID-19 ilə mübarizədə ön cəbhədə "vuruşan” tibbi heyətə, eləcə də 2-ci (tədarükçülərə, ərzaq mağazalarında olan kassirlərə...) və 3-cü cəbhələrdə (evdən distant işləyənlərə) çalışan insanlara verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Prezident bu görünməz düşmənə qarşı "müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı "Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. Bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq. Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq. 

Qeyd edək ki, Fransada Nazirlər Şurası 1958-ci ildən bəri ölkədə heç vaxt görünməmiş 25 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan tədbirlər yalnız sanitar böhran müddətində tətbiq ediləcək.

Baş Nazir Eduard Filip bildirib ki, getdikcə daha böyük iqtisadi və sosial sarsıntılar olacaq. Çünki ölkə hələ böhranın başlanğıcındadır.

Xatırladaq ki, COVID-19 ilə bağlı yaradılmış elmi şura karantin vəziyyətinin ən azı 6 həftə davam edəcəyini vurğulayıb. Vəziyyətdən asılı olaraq, bu müddətin uzadılması ehtimalı da var. (AZƏRTAC)

Xəbər lenti