Xəzər Xəbər

G7 ölkələrinin Xarici İşlər nazirləri virusa qarşı mübarizədə səyləri birləşdirəcəklər

Dünya | 09:14 • 26 Mart 2020
G7 ölkələrinin Xarici İşlər nazirləri virusa qarşı mübarizədə səyləri birləşdirəcəklər

G7 ölkələrinin Xarici İşlər nazirləri yeni koronavirusa qarşı mübarizədə səylərin birləşdirilməsi barədə razılığa gəliblər.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki müxbir məntəqəsinə verilən məlumata görə, bu barədə razılaşma martın 25-də axşam saatlarında keçirilən telekonfrans zamanı əldə edilib.

Qeyd edək ki, G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü ABŞ-da baş tutmalı idi, lakin pandemiya təhlükəsinə görə iclas videokonfrans şəklində keçirilib.

Bildirilir ki, nazirlər antivirus tədbirləri ilə bağlı əldə olunan təcrübənin mübadiləsi, sərhəd nəzarətinin təşkili, dərman və vaksinlərin birlikdə hazırlanması barədə razılığa gəliblər.

Onlar, həmçinin yeni koronovirusun yayıldığı inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edəcəklərini də bildiriblər.

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının bir il müddətinə təxirə salınması məsələsinə toxunaraq, yarışların tam tərkibdə təşkilinin zəruriliyini vurğulayıb. Digər iştirakçılar bununla razılaşdıqlarını bildiriblər.

Telekonfrans zamanı Şimali Koreyanın bu günlərdə keçirdiyi ballistik raket sınaqları məsələsinə də toxunulub. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət bu sınaqlarla barışa bilməz. Həmin ölkənin nüvə silahının ləğvi istiqamətində səylərin davam etdirilməsi barədə də razılıq əldə olunub.

Qeyd edək ki, bu, G7 ölkələrinin Xarici İşlər nazirlərinin telekonfrans formatında keçirilən ilk görüşü olub.

Xəbər lenti