Xəzər Xəbər

İtaliyada həkimlər koronavirusa yoluxmuş yaşlı xəstələri müalicə etmirlər: “Möcüzə yarada bilmərik”

Dünya | 17:23 • 18 Mart 2020
İtaliyada həkimlər koronavirusa yoluxmuş yaşlı xəstələri müalicə etmirlər:

İtaliyada koronavirusa yoluxmuş xəstələrin sayının 31506 nəfərə çatması ilə səhiyyə sistemi çöküb.

"HaberGlobal”ın məlumatına görə, rəsmilər bu prosesin öhdəsindən gələ bilmək və səhiyyə sistemi üzərindəki yükü azaltmaq üçün tibb fakültəsindən 10 min tələbəni işə cəlb edib.

İtaliyanın Universitet və Araşdırma naziri Qaetano Manfredi deyib ki, məcbur olduqları üçün sonuncu kursda təhsil alan tələbələrin imtahanlarını təxirə salaraq, onları yoxlamadan xəstəxanada işə götürəcəklər: "Beynəlxalq səhiyyə sisteminə birbaşa olaraq 10 min həkim verəcəyik”.

Milan şəhərində yerləşən bir xəstəxanadan çəkilən videoda xəstələrin dəhlizdə müalicə edildiyi görünüb.

Koronavirusun ən çox yayıldığı Lombardiya əyalətində işləyən həkim Kristian Salaroli mediaya açıqlamasında "80-95 yaş arası xəstə ağır vəziyyətdə gəlirsə, onu müalicə etmirik. Möcüzə yarada bilmərik” deyib.

Həkimlərə ilk növbədə sağalma ehtimalı çox olan xəstələrin müalicə edilməsi tövsiyə olunub. Bununla da, həkimlərə kimin yaşayıb, kimin öləcəyinə qərar vermək tapşırığı verilib.

İtaliyada pandemiya nəticəsində artıq 2503 nəfər ölüb.

Xəbər lenti