Xəzər Xəbər

Türk Şurası Özbəkistanın təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb

Dünya | 15:53 • 15 Sentyabr 2019
Türk Şurası Özbəkistanın təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Özbəkistan Respublikasının təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb.


AZƏRTAC xəbər verir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyevin imzaladığı bəyanatda 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın da qoşulduğu bildirilir.


Vurğulanır ki, Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyəti də iştirak edəcəkdir.


"Bu, tarixi hadisədir. Qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək”, - deyə bəyanatda qeyd olunur.

Xəbər lenti

Çox oxunanlar