Xəzər Xəbər

Amerikalı Vinsent Peon təyyarənin yeganə sərnişini olub

Dünya | 14:25 • 14 Avqust 2019
Amerikalı Vinsent Peon təyyarənin yeganə sərnişini olub

35 yaşlı rejissor Vinsent Peon Nyu-Yorkdan Solt-Leyk-Sitiyə bu yaxınlardakı səyahəti zamanı yaddaqalan təcrübə qazanıb.


AZƏRTAC "mail.ru” saytına istinadla xəbər verir ki, qeydiyyat zamanı ona bu reysdə yeganə sərnişin olacağını izah ediblər. Məlum olub ki, Solt-Leyk-Sitiyə uçacaq "Delta” təyyarəsində texniki nasazlıq baş verib. Bu səbəbdən təyyarəni təcili əvəz etmək lazım gəlib. "Washington Post” yazır ki, Vinsent bileti son anda əldə etdiyindən ona məhz Nyu-Yorkdan əvəz olunmaqdan ötrü gələn boş təyyarəyə bilet satıblar.


V.Peonu sözün əsl mənasında özəl təyyarədə kral uçuşu gözləyirdi. Uçuşqabağı təlimat verilmə zamanı və uçuş zamanı bildirişlərdə stüardessalar Vinsentə adı ilə müraciət edirdilər. Bundan başqa, o, pilotlarla da tanış olub.


Tək-tənha uçacağından xəbər tutan Peon smartfonda kameranı işə salıb və bütün baş verənləri yaddaşa köçürüb. Daha sonra o, videonu redaktə edib, ondan kiçik bir film hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.


Yeri gəlmişkən, amerikalı nəhəng təyyarənin göyərtəsində təklikdə uçmaqda bəxti gətirən yeganə insan deyil. Oxşar hadisə bu yaxınlarda Vilnüsdən İtaliyanın Berqamo şəhərinə uçan Litva sakininin də başına gəlib.

Xəbər lenti