Xəzər Xəbər

Motosikletin gurultusu kütləvi çaxnaşma yaradıb

Dünya | 14:48 • 8 Avqust 2019
Motosikletin gurultusu kütləvi çaxnaşma yaradıb

ABŞ-ın Texas və Ohayo ştatlarında 30-dan çox insanın həlak olması ilə nəticələnən kütləvi gülləbarandan sonra ölkənin bir çox şəhərlərində insanlar paranoyya vəziyyətindədir.


AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Nyu-Yorkun Tayms meydanında maraqlı insident baş verib. Meydandan keçən motosikletin gurultusu insanları qorxudub. Onlar düşünüblər ki, bu səslər qələbəlik yerdə baş verən növbəti kütləvi gülləbarandır. Kimsə "Atıcı!” deyərək qışqırıb. Nəticədə bütün meydanda çaxnaşma yaranıb və insanlar pərən-pərən düşüb.


Polisin məlumatına görə, meydandakılar 7-ci avenyu və 41–ci qərb küçələri tərəfə üz tutublar. Onlardan biri yıxılaraq zədələnib.


Nyu-Yorkun polis departamenti "Twitter”də yazaraq insidentin səbəblərini izah edib. Bildirilib ki, rayonun polis məntəqələrinə atıcı barədə məlumatlar verən çoxlu zənglər daxil olub. "Rica edirik, vahiməyə düşməyin. Tayms meydanı çox təhlükəsizdir”, - deyə polislər yazıblar.


Tayms meydanı ABŞ-ın ən ciddi mühafizə olunan rayonlarından biridir. Hətta adi günlərdə də burada çoxlu sayda zabit görmək olar.

Xəbər lenti