Xəzər Xəbər

Birləşmiş Ştatların sutkalıq neft istehsalı 12,3 milyon barreldir

Dünya | 14:43 • 11 İyul 2019
Birləşmiş Ştatların sutkalıq neft istehsalı 12,3 milyon barreldir

ABŞ-ın gündəlik xam neft hasilatı artıb.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 100 min barrel artaraq gündəlik 12,3 milyon barrel olub. Xam neft istehsalı Alyaskadan savayı digər ştatlarda 100 min barrel çoxalıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.


ABŞ-ın gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda 12,4 milyon barrelə yüksəlib, iyunda isə 12,2 milyon barrelə düşüb.


Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 284 min barrel azalaraq gündəlik 7,3 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 58 min barrel artaraq sutkada 3,04 milyon barrel olub.


EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.

Xəbər lenti