Xəzər Xəbər

Dünya üçün BÖYÜK TƏHLÜKƏ - Əgər razılaşa bilməsələr...

Dünya | 17:37 • 25 İyun 2019
Dünya üçün BÖYÜK TƏHLÜKƏ - Əgər razılaşa bilməsələr...

ABŞ və Çin bu həftə Yaponiyada baş tutacaq G20 sammitində ticarət müharibəsini başa çatdırmaq məsələsində irəliləyiş əldə edə bilməsə, dünya iqtisadiyyatı durğunluğa sürüklənəcək.

Bu iddiadünyanın ən böyük maliyyə qruplarından olan İsveçrə mərkəzli UBS bankı tərəfindən qaldırılıb.

UBS Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti Arend Kapteyn bankın müştərilərinə göndərdiyi qeyddə iki ölkənin razılaşma əldə edə bilməməsi və bir-birilərinə yeni gömrük rüsumları tətbiq etmələri təqdirində qlobal iqtisadi inkişaf və bazar şərtləri ilə bağlı gözləntilərin boşa çıxacağını yazıb: "Belə bir ssenari ilə qlobal inkişafın qarşımızdakı illərdə təxminən, 75 bal aşağı düşəcəyini və iqtisadi çərçivənin 1980-ci illərdəki Neft Çöküşü, 1990-cı illərdki Tekila Böhranı və ya 2010-cu illərdəki Avro Bölgəsi Böhranı kimi qlobal çöküşə çevriləcəyini təxmin edirik”.

A.Kapteyn qeyd edib ki, Osakada baş tutacaq iqtisadi sammitdə nəticələr xoşagəlməz olarsa, bunun mənfi təsirləri həmin anda hiss olunmayacaq. Prezidentin fikrincə, növbəti rüblərdə bahalaşan qiymətlərin tələbi və inkişafı aşağı salması ilə mənfi təsirlər getdikcə səviyyəsini artıracaq. Qarşıdakı 1,5 il içində ABŞ-ın milli gəlirləri 1,0%, Çinin 1,2% və Avropanın 0,74% azalacaq.

Bir çox iqtisadçı may ayında birjalarda yaşanan kəskin enmələri gərginliyi artan ticarət savaşları ilə əlaqələndirmişdi. Birjalarda itkilər ABŞ prezidenti Donald Trampın 5 mayda yazdığı tvit ilə - 200 milyard dollar dəyərində Çin məhsullarına 25% əlavə gömrük vergisi qoyduqlarını, 300 milyard dollarlıq Çin mallarına isə əlavə olaraq 25% gömrük rüsumu qoymağa hazırlaşdıqları açıqlamasından sonra baş vermişdi.

A.Kapteyn yeni gömrük rüsumlarının tətbiqi təqdirində başda inkişaf etməkdə olan ölkələr olmaqla, dünya birjalarının 0,20% dəyərini itirə biləcəyini vurğulayıb. Bildirib ki, ticarət savaşları davam etsə, ABŞ Mərkəzi Bankı (FED) iyul ayında gözlənilən 50 ballıq faiz endirimi ilə yanaşı, daha 100 bal faiz endirmək məcburiyyətində qalacaq. Digər böyük mərkəzi banklar da FED-in izi ilə gedərək endirimə məcbur olacaq. Yeni gömrük rüsumları ilə Çində iqtisadi böyümə 6%-ə düşəcək. Siyasilər məhdud təşviqat proqramını işə salanda, böyük ehtimal, sərmayəçilər artıq (mərkəzi bankların böhranlarına qarşı) əllərində daha çox alternativ olmadığına görə təşvişə düşməyə başlayacaq.

Qeyd edək ki, G20 sammiti 28-29 iyunda Yapopniyanın Osaka şəhərində baş tutacaq./publika.az

Xəbər lenti