Xəzər Xəbər

Britaniyalı nazir Culian Assanjın ABŞ-a ekstradisiyasına dair sorğunu imzalayıb

Dünya | 14:40 • 13 İyun 2019
Britaniyalı nazir Culian Assanjın ABŞ-a ekstradisiyasına dair sorğunu imzalayıb

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid "WikiLeaks” saytının qurucusu Culian Assanjın ekstradisiyası ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin sorğusunu imzalayıb.


Xezerxeber.az xəbər verir ki, nazir bunu BBC radiostansiyasına müsahibəsində deyib və həmin məsələ ilə bağlı son qərarı London məhkəməsinin verəcəyini qeyd edib.


"Birləşmiş Ştatlar tərəfinin ekstradisiya ilə bağlı sorğusu var. Məhkəmə sorğunu sabah müzakirə edəcək. Dünən həmin sənədi imzalamışam”, - deyə nazir bildirib. Onun sözlərinə görə, burada standart proseduradan söhbət gedir və son qərar London məhkəməsi tərəfindən veriləcək.


İyunun 11-də ABŞ Ədliyyə Nazirliyi Culian Assanjın ekstradisiyası ilə əlaqədar Böyük Britaniyaya rəsmi sorğu göndərildiyini təsdiq edib.


Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. Aprelin 11-də "Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.


Mayın 1-də London məhkəməsi girov müqabilində azadlıq şərtlərini pozduğuna görə Culian Assanja 50 həftə həbs cəzası verib. ABŞ-da haker fəaliyyətinə görə isə "WikiLeaks” saytının qurucusu 175 il həbs cəzasına məhkum edilə bilər.

Xəbər lenti