Bu gün Kataloniyanın yeni seçilmiş rəhbəri Kim (Joakim) Torra muxtar hökumətin başçısı vəzifəsinin rəsmən icrasına başlayıb.
XəzərXəbər "Reuters" agentliyinə istinadən xəbər verir ki, vəzifəyə keçmə
mərasimindəki nitqində Torra bildirib ki, parlamentin təmsil etdiyi
Kataloniya xalqına sədaqətlə xidmət edəcək. Lakin çıxışında o, nə
İspaniya kralı, nə də ölkə konstitusiyasının adını hallandırmayıb.
İspaniya
mərkəzi hökumətinin nümayəndələri isə Torranın vəzifəyə başlama
mərasimində iştirak etməyiblər. Kataloniya parlamentindəki səsvermənin
yalnız ikinci turunda və özü də cəmi 1 səs çoxluğu ilə (66 deputat
lehinə, 65-si əleyhinə) qalib gələrək 55 yaşlı Kim Torranın Kataloniya
hökumətinin rəhbəri seçilməsini rəsmi Madrid elə də xoş qarşılamayıb.
Belə
ki, seçkiqabağı kampaniyasında Torra Kataloniyanın müstəqilliyinin
tərəfdarı olduğunu və hətta Madridlə dialoq nəticəsində olsa belə,
Kataloniya Respublikasının yaradılmasına nail olmağı planlaşdırdığını
deyib. Parlamentdəki səsvermədə isə o, yalnız Kataloniya respublikası
xeyrinə işləyəcəyini deyib və sabiq hökumət rəhbəri Karlos Puçdemonu
avtonom regionun leqitim lideri adlandırıb. İspaniyanın baş naziri
Mariya Raxoy isə bildirib ki, Torra da Puçdemonun yolu ilə gedərsə,
konstitusiyanın 155-ci maddəsini yenidən işə salaraq, Kataloniyanın
idarəçiliyini birbaşa mərkəzi hökumətin nəzarətinə verəcək.
Qeyd
edək ki, Kim Torranın rəhbər seçilməsilə 7 aydan sonra Kataloniya
yenidən öz hökuməti ilə idarə olunacaq. "Kataloniya naminə Birlikdə”
partiyasının üzvü olan Torranın namizədliyini Kataloniyanın İspaniyadan
qaçmış sabiq lideri Karlos Puçdemon şəxsən özü irəli sürmüşdü.
Puçdemon
2017-ci ilin oktyabrın 1-də ölkə konstitusiyasına zidd olaraq
Kataloniyada müstəqillik referendumu keçirməsi və ardınca avtonomiyanın
müstəqilliyini elan etdiyinə görə İspaniya baş naziri Mariano Raxoy
tərəfindən vəzifəsindən kənarlaşdırıb və o, ölkədən qaçaraq Belçikaya
gedib. Hazırda isə Almaniyadan siyasi sığınacaq alaraq Berlində yaşayır./azvision.az