Xəzər Xəbər

Bu il 10424 nəfər əlil 26700-dək reabilitasiya vasitəsi ilə təmin edilib

Cəmiyyət | 18:37 • 2 Dekabr 2020
Bu il 10424 nəfər əlil 26700-dək reabilitasiya vasitəsi ilə təmin edilib

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkədə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası, məşğulluğu sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, 2008-ci ildə Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub. Milli qanunvericiliyin həmin Konvensiyaya və ümumən əlilliyi olan şəxslərlə bağlı dünyada qabaqcıl təcrübələrdən irəli gələn yanaşmalara uyğunlaşdırılması üçün məqsədyönlü işlər aparılıb.


Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs vardır ki, onlardan 400 minə yaxını əmək stajından asılı olaraq aylıq əmək pensiyası, qalanları, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar aylıq müavinətlə təmin olunurlar.


Ölkəmizdə ötən ildən əliliyə görə pensiya təyinatları da avtomatlaşdırılıb və əlilliyi təyin olunmuş şəxsə müraciət etmədən, sənəd təqdim edilmədən elektron şəkildə, proaktiv qaydada pensiya təyinatı aparılır.


Müharibə əlilləri və onlara bərabər tutulanlara, I dərəcə əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü verilir.


2019-cu ildə inqilabi sosial paketlər çərçivəsində müavinət və təqaüdlər orta hesabla 100 faiz, habelə pensiyanın minimum məbləği 72,4 faiz artırılıb, 2020-ci ilin əvvəlindən isə pensiyaların indeksasiya nəticəsində 16,6 faiz artırılması təmin edilib. Habelə ötən ildən sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib.


İndiyədək şəhid ailələri və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev, müharibə əlillərinə 7000-dək avtomobil verilib və bu mühüm sosial proqramlar uğurla davam etdirilir.


Müharibə əlillərinin övladları və özləri, həmçinin digər kateqoriyalardan olan I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar ödənişli əsasla təhsil aldıqda təhsil haqqı ödəməkdən azad olunurlar.


Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrdə əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmaları üçün Regional İnformasiya Mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılması üçün Bakının Suraxanı rayonunda Reabilitasiya Müəssisəsi, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun şərait yaradılıb. Fond tərəfindən bu kateqoriyadan olan insanların inteqrasiya imkanlarının genişləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin tanıdılması üçün çoxsaylı layihələr icra olunur.


Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və yeni reabilitasiya müəssisələrinin yaradılması işlərinin davamı kimi, 2019-cu ildə və 2020-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı, Yevlax, Naftalan, Lənkəran, Şəki, Şirvan, Xaçmaz Reabilitasiya mərkəzləri, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Bakı Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.


İlin sonuna qədər isə Sumqayıt Reabilitasiya Mərkəzinin və Şağan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra, Qəbələ və Şəmkir rayonlarında tikilən uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.


Beləliklə, 2020-ci ildə yaradılan və tikintisinə başlanan bərpa mərkəzləri reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək.


Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı işlərinin davamı kimi, Nazirlik 2020-ci ilin 11 ayında da 10424 nəfər əlilliyi olan şəxsi 26 700-dək reabilitasiya vasitəsi, o cümlədən 900-ə yaxın əlil arabası ilə təmin edib. Onların bir çoxuna bu vasitələr yaşadıqları bölgələrə, bir qisminə evlərinə aparılaraq çatdırılıb.


Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün işəgötürənlər tərəfindən kvota üzrə iş yerləri ayrılır. Bu il Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 2049 nəfər əlilliyi olan şəxsin məşğulluğunu təmin edib.


Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında əlilliyi olan şəxslərə də üstünlük verilir. 2020-ci ildə də 1037 nəfər əlilliyi olan şəxs bu proqrama cəlb edilərək kiçik bizneslərini yaradıb. Daha 500 nəfər əlilliyi olan şəxsin Nazirliklə BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində biznes qurmaları üçün işlər davam edir. "İşsizin DOSTu” proqramı çərçivəsində də minlərlə əlilliyi olan şəxs əmək müqaviləsi əsasında işlərlə təmin edilib, Nazirliyin Peşə Reabilitasiya Mərkəzində isə hər il yüzlərlə sağlamlıq imkanları məhdud gənc yeni peşələrə yiyələnir.


Qeyd edilənlərlə yanaşı, əlilliyi olan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə, sanator-kurort yollayışları ilə təminatı, onların asudə vaxtlarının təşkili işləri də ildən-ilə genişlənir.


Atif

Xəbər lenti