Xəzər Xəbər

Gənclər təşkilatı qələbə münasibətilə Azərbaycan bayrağını dalğalandırıblar

Cəmiyyət | 09:15 • 2 Dekabr 2020
Gənclər təşkilatı qələbə münasibətilə Azərbaycan bayrağını dalğalandırıblar

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində noyabrın 10-da Ermənistanın kapitulyasiyaya məcbur edilməsi və imzalanmış müvafiq bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qüvvələrin çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə gənclər təşkilatlarının təmsilçiləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.


Azərbaycan Gənclər Fondundan  bildirilib ki, Ümummilli Liderin məzarı önündə gənclər bugünkü qələbələrin memarı olan Ulu Öndərə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu parlaq zəfərə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu diqqətə çatdırıblar.


Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf edib, Azərbaycan bayraqlarını dalğalandırıblar. Gənclər Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ediblər.


Nərmin Məcidli


Xəbər lenti