Xəzər Xəbər

Sabah hava küləkli olacaq

Cəmiyyət | 13:38 • 26 Noyabr 2020
Sabah hava küləkli olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.


Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti