Xəzər Xəbər

Ordumuzun təhlükəsizliyi üçün nələr etməliyik?

Cəmiyyət | 15:22 • 23 Oktyabr 2020
Ordumuzun təhlükəsizliyi üçün nələr etməliyik?

Sentyabrın 27-də Ordumuzun başladığı əks-hücum əməliyyatı böyük uğurla davam etdirilir. Bilirik ki, müharibə ölüm-itimsiz olmur. Amma hərdən texnologiya əsrində yaşadığımızı bir çox soydaşlarımız, sosial şəbəkə istifadəçiləri unudur və bəzən nə etdiklərinin belə fərqində olmurlar. Təəssüflər olsun ki, bu gün kompüter və smartfon arxasında sosial şəbəkələrdə cəbhəylə bağlı onlara göndərilən, qarşılarına çıxan hərbi sirr hesab edilən fotoları və videoları paylaşan istifadəçilərin sayı az deyil. Lakin müxtəlif vaxtlarda bununla bağlı maarifləndirmə işləri aparılsa da ciddi bir irəliləyişin olmadığının şahidiyik. Təxminən bir aya yaxındır davam edən döyüşlərlə bağlı sosial şəbəkələrdə (Facebook, Telegram, İnstagram və s.) kifayət qədər bu tipli materialların şahidi olmaqdayıq. Ordumuzun təhlükəsizliyi və Qarabağın işğaldan tez bir zamanda tam azad edilməsi üçün bu tip videoları, fotoları, hərbiçilərimzlə bağlı məlumatları sosial şəbəkələrdə paylaşmaq bizim planlarımıza ancaq əks təsir göstərəcək. Bu materialları paylaşılmaqla düşmənə əsgərlərimizin yerini təyin etmək üçün "kömək" etmiş oluruq. Bunun isə hansı xoşagəlməz hadisələrlə yekunlaşdığı artıq hər kəsə məlumdur. 


Düşmənə koordinant verməmək üçün nəyi bilməliyik?


Məsələ ilə bağlı hərbi-ekspert Tofiq Şahmuradov Milli.Az-a açıqlama verib:


Ermənilər 30 ilə yaxındır o ərazidə olduğu üçün ərazini mükəmməl tanıyır


"Biz hələ müharibə başlamamışdan əvvəl, son 2-3 ildə dünya praktikasında olan hadisələri nəzərə alaraq həmişə sosial şəbəkələrdə hərbi hissələrin yeri, orada xidmət edən əsgərlərin adları, hərəkət edən kalonun istiqaməti, onların çəkilişi ilə bağlı braşurlar paylamışıq, fikir bildirmişik ki, bu məlumatları bildirməyin. Mən sosial şəbəkədə atıramsa ki, Ağdamdan Tərtərə 20 tank gedir, mən o zaman həm əməliyyat planını pozmuş oluram, həm də ki, o tankların vurulma təhlükəsi yaranır ki, düşmən o hərəkət marşurutu üzrə oranı atəş zərbəsi altına alıb tankları vura bilər. O cümlədən də döyüşdə də çəkilən kadrlar ilk növbədə bizim orada yerləşən bölmənin, hərbi hissənin, taborun, tağımın yerini bildirir. Düşmən də 30 ilə yaxındır o ərazidə olduğu üçün ərazini mükəmməl tanıyır. Biz sosial şəbəkələrdə hansı yerdə çəkiliş qoyuruqsa, o çəkilişin harada olduğunu avtomatik bildiririk. Düşmən o kadrlara baxan kimi orada 30 il qaldığına görə, erməni bizdən daha yaxşı bilir və o an bilir ki, həmin istiqamətdə bizim hərbçilər, əsgərlər orada yerləşibdir. Həmin koordinatı müəyyənləşdirirlər, düşmənin artileriyası başlayır ora kütləvi atəş açmağa və bu da ciddi itkilərə səbəb olur.


Bu artıq neçənci hadisədir ki, biz bunun acısını yaşayırıq.


Döyüşlərin getdiyi ərazilərdən bu çəkilişlər qəti sürətdə dayandırılmalıdır. Müdafiə Naziri Zakir Həsənovun smartfon telefonların işlədilməsi ilə bağlı xüsusi əmri var, smartfon telefonların işlədilməsi qadağan olunub. Bəzi hərbi qulluqçular bu qadağaları pozaraq smartfon telefonlardan istifadə edirlər, etməkləri bir yana, döyüş bölgəsindən aktiv vazanın getdiyi ön xətdən şəkilişlər edirlər. O çəkilişləri də dostlarına, tanışlarına və ya reklam məqsədilə sosial şəbəkəyə yerləşdirirlər. Bu artıq neçənci hadisədir ki, biz bunun acısını yaşayırıq. Bu məsuliyyətsizlik bölmələrimizin itkilərinə səbəb olur. Ona görə də ilk növbədə hər bir hərbi qulluqçu, əsgərindən tutmuş zabitinə qədər Müdafiə Nazirinin əmrini yerinə yetirməlidir, çünki qanunla bu qadağan olunub. Amma bəzi hərbi qulluqçular bu vəziyyətdən sui-istifadə edirsə və həmin kadrları sosial şəbəkədə yerləşdirirsə, həmin hərbi qulluqçular haqda da ciddi tədbir görülməlidir. Nə qədər ki, bunun fəsadları daha çox böyüməyib.


Onlar üçün oradakı şəxsi heyyətin, hərbi qulluqçuların taleyi maraqlı deyil


O kadrlar ilk növbədə sosial şəbəkə istifadəçisinə xoş gəlir. Ora yerləşdiriləndə hamı bəh-bəhlə yazır ki, "Allah əsgərimizi qorusun", "Hər şey əladır", "Yaşasın ordumuz", "İrəli Azərbaycan ordusu", "Azərbaycan ordusu Zəngilana girdi, Qubadlıya girdi, Laçına girdi, ura. Bu da bunun faktı". İlk növbədə bunun təəssüratı sosial şəbəkə istifadəçiləri üçün yaxşı olur. Bu kadrlarla da reytinq qazanmaq istəyən səhifələr, qruplar, şəxslər bundan geniş şəkildə istifadə edirlər. Onlar çün səhifənin reytinqi maraqlıdır, onlar üçün oradakı şəxsi heyyətin, hərbi qulluqçuların taleyi maraqlı deyil. O da onu paylaşır. Ham da ondan bunu götürüb bəh-bəhlə paylaşır ki, ura, ordumuz Cəbrayıla girdi. Amma həmin hərəkət marşrutunu göstəririksə, deməli yolu göstərirk ki, biz filan kənd istiqamətində Cəbrayıla daxil oluruq, o kadr sosial şəbəkədə yayılanda düşmən artıq onu götürür, həmin o koordinatlar da əlində olduğuna görə, 30 ildir o yollardan onlar istifadə etdiklərinə görə, oraları əzbər bildiklərinə görə, dərhal həmin yolu müxtəlif silahlardan atəşə tuturlar. O zaman da biz ciddi itkilər verirk, şəhidlərimiz olur. 



O kadrlara görə heç nədən problemlərlə qarşılaşırıq


Hansısa bir cahil, bilməyərəkdən belə bir şeyləri edərək öz dostuna, qardaşına göndərməkdən ötrü belə bir çəkiliş edən adamların ucbatından bizim hücumumuz dayanır, həm də itkilər veririk. Nəticədə heç nədən problemlərlə qarşılaşırıq, hansı ki, o problemlərlə qarşılaşmaya da bilərik. Bunu da çəkib göndərən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbiçilərdir. O hərbiçilərə illərdir smartfon telefon qadağan olunub, nə üçün qadağan olunduğu onlara ətraflı izah olub. Onlar hər bir izahatdan sonra ona qol çəkiblər, yəni məsuliyyət daşıyırlar. Azərbaycan ordusu indi cəbhə boyunca təqribən 160 km döyüş aparır. Bunların hər birinə də nəzarət etmək olmur. Gərək hər bir insan məsuliyyətini özü dərk edə. Özündən də əlavə ordusunun, əsgər, zabit yoldaşlarının təhlükəsizliyini düşünməlidir. Düşünməlidir ki, mən bunu edirəm, amma bu hansı fəsadlarla nəticələnə bilər".

Xəbər lenti