Xəzər Xəbər

Bu gün növbəti buraxılış imtahanı keçirilib

Cəmiyyət | 14:58 • 10 Sentyabr 2020
Bu gün növbəti buraxılış imtahanı keçirilib

DİM tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçirilib.


DİM-dən xezerxeber.az-a verilən xəbərə görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunub


Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb.


Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.


İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.


1 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.


İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.


11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


9-cu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olanacaq.

Xəbər lenti