Xəzər Xəbər

Evdə müalicə alan koronaviruslu vətəndaşlara yaxınları ilə xüsusi davranış qaydalarına əməl etmək tövsiyə olunur

Cəmiyyət | 16:14 • 15 İyul 2020
Evdə müalicə alan koronaviruslu vətəndaşlara yaxınları ilə xüsusi davranış qaydalarına əməl etmək tövsiyə olunur

Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVİD-19 virusuna yoluxmuş vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib.


Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova onlayn müsahibə zamanı koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışıb: "Sahə həkiminin nəzarəti altında evdə müalicə alan pasiyentlərə ilk növbədə ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olmalıdır. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə edilir".


N. Daşdəmirova qeyd edib ki, COVİD-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.


Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu, mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür.


Nazirlik rəsmisi həmçinin bildirib ki, imuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür: "İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır. Xəstənin şəxsi gigiyena vasitələri və yemək qabları ayrı saxlanılmalıdır. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli maye ilə təmizlənməli, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalı, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVİD-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi preparatı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur".


N. Daşdəmirova koronaviruslu xəstələrə və onların yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stressdən uzaq qalaraq, pozitivliyə köklənməyi məsləhət görüb: "Karantin müddəti ərzində özünüzü və yaxınlarınızı qorumağa çalışın və bütün qaydalara riayət edin! Unutmayın ki, sizin məsuliyyətiniz hamımızın sağlamlığıdır”.

Xəbər lenti