Xəzər Xəbər

Subbakalavrların elektron ərizə qəbulu bu gün başa çatır

Cəmiyyət | 15:14 • 14 İyul 2020
Subbakalavrların elektron ərizə qəbulu bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların elektron ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək davam edəcək.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, bu gün saat 14:00-a olan məlumata əsasən, subbakalavrların elektron ərizələrinin ümumi sayı 18 min 816, təsdiq olunan ərizələrin sayı isə 17 min 383-dür.


Hazırda 1433 elektron ərizə təsdiq olunmayıb. Bunlardan 877 nəfərin bütün məlumatları sistemə daxil edilsə də, onların özləri tərəfindən ərizələri təsdiq edilməyib. Həmin şəxslər ərizələrinə daxil olmalı və onu təsdiq etməlidirlər. Sistemə daxil olan 380 nəfərin isə subbakalavr ixtisas dərəcəsi olmadığı üçün onların müsabiqədə iştirak etmək hüquqları yoxdur. 176 nəfərin məlumatı isə orta ixtisas təhsili müəssisələri tərəfindən sistemə daxil edilmədiyindən onlar hələlik ərizələrini təsdiq etmək imkanlarına malik deyillər.


Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub "yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu ünvanlanacaq. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.


Subbakalavr "Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünəməxsus deyilsə və ya nömrə dəyişilibsə, "Əlaqə məlumatları” bölməsində müvafiq düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Xəbər lenti