Xəzər Xəbər

Məhərrəm Həsənov: Kür çayının deltası təcili təmizlənməlidir

Cəmiyyət | 16:25 • 30 İyun 2020
 Məhərrəm Həsənov: Kür çayının deltası təcili təmizlənməlidir

Son günlər ən aktual mövzulardan biri də Kür çayında suyun səviyyəsinin azalması və kənd təsərrüfatında suya olan ehtiyacın ödənilməsi məsələsidir. Ölkəmizdə müşahidə edilən quraqlıq qışda qarın, yazda yağışların az yağması, havada rütubətin miqdarının aşağı düşməsi nəticəsində baş verir və çaylarda suyun səviyyəsi aşağı enir, suvarma üçün ciddi problemlər yaranır.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov deyib: "Su ilə az təmin olunmuş ölkələr sırasına daxil olan ölkəmizin əsas su arteriyası Kür və Araz çaylarıdır. Azərbaycanın su ehtiyatları təqribən 30-31 kubkilometr civarındadır və bunun 70 faizi qonşu ölkələrdə formalaşır. Deməli, ölkəmizin su ehtiyatları qonşu ölkələrdəki suyun bizə gəlib çatması səviyyəsindən asılıdır.

Kür çayının Azərbaycana daxil olduğu Qazax rayonunun Qıraqkəsəmən kəndində bu sahədə müşahidə və ölçmə işləri aparan məntəqə var. Aparılan ölçmələrə görə, 2014-cu ildən indiyədək, yəni son 6 il ərzində həmin məntəqədən Azərbaycana daxil olan Kür çayının suyunun həcmi 25 faiz azalıb. Ölkəmiz beynəlxalq transsərhəd çaylarından istifadə haqqında beynəlxalq konvensiyaya qoşulsa da, təəssüf ki, indiyədək nə Gürcüstan, nə də Ermənistan həmin sənədi imzalamır. Ona görə də onların qarşısında müəyyən bir öhdəliklər yoxdur. Problemin bir səbəbi bundan qaynaqlanır”.

Onun dediyinə görə, Coğrafiya İnstitutunun əməkdaşları, institutun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə iyunun 10-12-də Neftçala və Salyan rayonlarında Xəzərin Kürə doğru irəliləməsi məsələsini araşdırıblar. M.Həsənov bildirib ki, artıq Surra məntəqəsinə qədər 60 kilometrlik məsafədə Xəzərin suyu açıq-aydın hiss olunur və əhali bundan çox böyük zərər çəkir: "Çayın gətirdiyi böyük miqdarda asılı maddələr Kürlə Xəzərin arasına, yəni deltaya yığılaraq müəyyən hündürlük əmələ gətirir. Küləkli havada Xəzərin suyu həmin hündürlüyü aşaraq Kürün yuxarılarına doğru irəliləyir. Prosesin başlanğıcı güclü küləklər vasitəsilə olub və çayın suyu azaldığına görə həmin suyu Xəzərə qaytarmağa gücü çatmır. Mövcud vəziyyətin digər səbəbi Kürdə suyun səviyyəsinin azalmasıdır. Suyun miqdarı azaldıqca axının sürəti də təbii olaraq azalır və Xəzərdən oraya gələn suyu geri qova bilmir. Çıxış yolu təcili surətdə Kür çayının deltasının təmizlənməsidir. Orada olan stasionar gəmilər Kürün deltasına yığılan lili sovurur, suya qarışdırır və o, axıb gedir. Bu, çayın gur sulu vaxtlarında daşqınlara da səbəb olan bilər. Ona görə də Xəzər dənizinə qovuşan yerdə Kür çayının deltası təmizlənilməlidir.

Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir səbəbi də qlobal iqlim dəyişikliyidir. Proses ölkəmizdə də özünü büruzə verir. Son 25-30 ildə havanın orta illik temperaturu 0,6-1,5 dərəcə yüksəlməsi təbii ki, buxarlanmanın artmasına səbəb olur. Bir neçə ildir ki, Azərbaycana qar çox az yağır, orta, alçaq dağlıq və düzən ərazilərə demək olar ki, yağmır. Əsasən yüksək dağlıq hissələrə yağan qar çayların əsas su mənbəyidir. Qar yağmırsa, deməli, su mənbəyi də azalır. Ötən əsrin 70-ci illərində aparılan ölçmələrə görə, Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd kimi hündür zirvələrdə ümumi sahəsi 6,8-7 kvadratkilometr olan daimi buzlaqlar çayların qidalanmasında çox böyük rol oynayırdı. Təxmini hesablamalara görə, indi həmin buzlaqların sahəsi yarıya qədər azalaraq 4-5 kvadratkilometr civarında qalıb.

Kür çayı ilə yanaşı, digər çaylarda da suyun səviyyəsi azalır. Çayların əksəriyyəti Böyük Qafqazın cənub yamaclarından başlayır. Əgər qar yağmırsa, çayların suyu azalacaq. Təbii təsirlərlə yanaşı, antropogen amillər də çayların sululuğunun azalmasına səbəb olur. Kiçik çayların yuxarı axınlarında kiçik anbarlar tikilərək ehtiyat su toplanılaraq ondan suvarma məqsədilə istifadə olunur və bu, antropogen amil sayılır. Su qıtlığını aradan qaldırmağın bir yolu da ondan qənaətlə istifadə etməkdir. İri müəssisələrdə tullantı sularını təmizlədikdən sonra ondan texniki su kimi istifadə etmək haqqında düşünmək lazımdır. Bir sözlə, elə etmək lazımdır ki, hər damlası həyat mənbəyi olan su ilə əlaqədar təsərrüfat işlərində və məişətdə çətinlik yaranmasın”.

Xəbər lenti