Xəzər Xəbər

“Borc maska alaraq içəri keçirlər” Qaydalar xidmət sahələrinin işçilərinə də aiddir?

Cəmiyyət | 15:56 • 16 İyun 2020
“Borc maska alaraq içəri keçirlər”

Dünyada koronavirus infeksiyası yayılmaqda davam edir. Ölkəmizdə virusa yoluxanların sayı 10 min nəfəri ötüb. Bu bəlanın yayılmasının qarşısının alınması üçün ölkədə qapalı məkanlarda hər kəsin maskadan istifadə etməsi məcburidir. Açıq havada isə vətəndaşların maska taxmaq kimi bir öhdəlikləri yoxdur. Bu qoruyucu vasitə ağız və buruna virus damcılarının daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulsa da, nədənsə əksər insanların maskanı boğazlarına, çənələrinə taxdığının şahidi oluruq. Onlar qapalı yerlərdə, ictimai müəssisələrdə və xidmət sahələrində maskadan məhz bu şəkildə istifadə edirlər. Belə olduğu halda müəssisələrdə çalışan işçilərin də virusa yoluxma ehtimalı artır.

Bəs görəsən bütün müəssisə və təşkilatların əməkdaşları fəaliyyət zamanı tibbi maskadan istifadə edirlərmi? Ümumiyyətlə bu qayda onlar üçün də keçərlidirmi?

Mövzu ilə bağlı Publika.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki,adi vətəndaşlarla yanaşı işçilər də fəaliyyət zamanı qaydalara əməl etməlidir. O bildirib ki, istənilən xidmət sahələri, mağazalar, ictimai iaşə sahələrini buna görə məsuliyyət daşıyır və işəgötürün qaydaya əməl etməyənlərlə bağlı cəza tədbiri görə bilər:

"Cinayət Məcəlləsinə 139-1 maddəsi əlavə olundu. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini xeyli genişləndirildi. Amma burada praktikada belədir ki, sanksiyalar yalnız qaydaları pozan əhaliyə tətbiq edilməlidir. Bankın qarşısında insanlar nizamsız düzülüb və heç birində də maska yoxdur. Onlar içəri daxil olanda da heç bir maska tələbi qoyulmur. Banklar burada məsuliyyət daşıyır. Onlar labirintvari növbə sistem qurmalıdır və içəri keçənləri maskasız buraxmamalıdır. İnsanlar o qədər düşüncəsizdir ki, başqalarından borc maska alıb keçirlər. Bütün bunlara əməl olunmalıdır. Bankın içərisində olan işçilər də bu qaydalara əməl etməlidirlər. İstənilən banka getsək görərik ki, orada nə işçilər buna əməl edir, nə də növbədə dayananlar. Tələblərə əməl etməyən əməkdaşlara qarşı işəgötürən inzibati tədbirlər görə bilər”.

Hüquq mühafiəçisi Bakı Tikiş Evində işçilərin virusa kütləvi yoluxma faktını misal göstərərk, belə halların bilavasitə iş yerində əməyin mühafizəsi qaydalarının pozulmasının nəticəsi olduğunu qeyd edib:

"Nəticəsindən asılı olaraq işəgötürənə qarşı burada inzibati məsuliyyət və ya cinayət məsuliyyəti müəyyən oluna bilərdi. Supermarketdə məsafə saxlayırsan, qəfildən 2 nəfər gəlib araya daxil olur. Mənim fikrimcə, sanksiya sistemi iş yerlərinə, xidmət sahələrinə və iaşə müəssisələrinə yönəlməlidir. Burada cəzanın obyekti dəyişməlidir. Gürcüstünda bu şəkildə də oldu. Azərbaycanda bəzi quurmlar maska taxmayan işçini işdən kənarlaşdırırlar. İş yerlərində maska taxmamaq əməyin mühafizə qaydalarını pozmaq deməkdir. İşəgötürənin hüququ vardır ki, buna görə işçini işdən kənarlaşdırsın və ona iş günü üçün ödəniş etməsin. Sonra, bu əməlinə görə onu inzibati tənbeh tətbirinə cəlb edə, xəbərdarlıq edə və şiddətli töhmət verə bilər. Hətta, onun əmək müqaviləsinə xitam verilə bilər. İş yerində düzgün qayda tətbiq edilməlidir. İşçilər də məcbur qalaraq maska taxacaqlar. Xidmət sahəsinə gedəndə, insanları maskasız görüb geri qaytarsalar, onlar da növbəti dəfə məcbur olub qaydalara əməl edəcəklər”.

Sahib Məmmədov deyir ki, bu sanskiyalar mütəmadi tətbiq edilməlidir. O hesab edir ki, taktikanın dəyişdiriləcəyi halda karantin tədbirləri də daha effektli ola bilər. Hüquq müdafiəçisi xidmət sahələrində maskadan düzgün istifadə edilməməsi məsələsinə də toxunub:

"İnsanlar ASAN xidmət mərkəzlərində içəri maska ilə keçirlər. Amma sonra maskanı çənələrinə çəkirlər və o formada daxildə gəzirlər. O şəxsə növbə götürməyindən asılı olmayaraq xidmət göstərilməməlidir. O şəxslər qaydanı pozurlar. Bankda da bu şəkildə olmalıdır. İctimai nəqliyyatda bunu etmək çox çətindir. Sürücü bütün sərnişinlərə nəzarət edə bilməz. Hər avtobusa da bir polis qoymaqla iş düzəlməyəcək. İnsanlar gərək özləri məsuliyyətli olsun. Birincisi, o qədər polis yoxdur ki, hər avtobusa təyin edəsən. İkincisi, insanlar etiraz edirlər və sənəd göstərmirlər. Bir polis kifayət etmir. Burada müxtəlif problemlər olur və belə sərt tədbirlərdə əks reaksiyalar yaranır. Taktika dəyişdirilməlidir. Bu o demək deyil ki, küçədəki insan məsuliyyət daşımır və o qaydaları poza bilər. Onlar da qaydalara əməl etməlidir. Küçədə qayda pozanları cərimələmək lazımdır.

S.Məmmədov Operativ Qərargahın bununla bağlı taktika hazırlamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerlərində karantin zamanı qaydalara riayət olunub-olunmamasının yoxlanılması üçün Dövlət Əmək Müfəttişliyinə səlahiyyət verməlidir: "Bu sanksiyalar mütəmadi olmalıdır. Belə olduğu halda insanları bir qədər alışdırmaq olar. Ancaq, bunun bütöv şəkildə qarşısının alınmasıa sərt karantin dövründə mümkündür. Həftəsonu qapanmalarda qayda pozanlar minumuma endirildi. Biz həftəiçi günlərdə karantini ləğv etdik. Çünki dünyanın heç bir dövləti sərt karantin qarşısında tab gətirə bilmədi. Dünyada iqtisadiyyat çökdü, əhalinin vəziyyəti ağırlaşdı, iqtisadi geriləmələr yaşandı və bu mümkün olmadı. Azərbaycanda polisə və ya digər inzibai xətanı tətbiq edən subyektə səlahiyyət verilməlidir ki, banklara və digər xidmət sahələrinə gedərək qaydanı pozanları cərimə eləsin. Bunun üzərində durularaq, hər günün sonunda nə qədər bank, restoran və digər qurumların cərimə olunması ictimaiyyətə açıqlanmalıdır. Gürcüstanda cərimələr 1000 dollardan başlayır. Bir restoran 1000 dollar cərimə olunarsa, növbəti dəfə o qaydanı pozmayacaq”.

Xəbər lenti