Xəzər Xəbər

Palçıq vulkanlarının ətrafında 22 yeni seysmik stansiya qurulacaq

Cəmiyyət | 13:16 • 12 İyun 2020
Palçıq vulkanlarının ətrafında 22 yeni seysmik stansiya qurulacaq

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə "Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrasına başlayıb.


Respublika Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a verilən xəbərə görə, layihənin məqsədi Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi, seysmik tədqiqatların aparılması üçün istifadə olunacaq texnoparkın yenilənməsidir. Bu məqsədlə Azərbaycan ərazisində 22 yeni seysmik stansiya qurulacaq. Yeni seysmik stansiyalar Abşeron yarimadasına yaxın ərazilərdə yerləşən Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının aktivliyini izləməyə də imkan verəcək.


Layihə çərçivəsində Azərbaycan, ABŞ, Ukrayna, Qazaxstan, Tacikistan, Qırğızıstan və Gürcüstandan 30-a yaxın seysmoloqun iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinın baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA nəzdində RSXM-nin "Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, RSXM-in sistem administratoru Ruqiyyə Kərimova, Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmologiya Tədqiqat İnstitutları (İRİS) Stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, TA meneceri Bob Busby, GSN Proqram Meneceri Katrin Hafner, Stansiya mütəxəssisi Jeremy Miner, Ölçmə Xidmətləri Direktoru OBSIP Layihə Meneceri Robert Woodward, Layihə Müdiri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze iştirak ediblər.


Qeyd edək ki, hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan başqa "Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar bazalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək. RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.

Xəbər lenti