Xəzər Xəbər

“Biz birlikdə güclüyük!” mövzusunda respublika onlayn rəsm müsabiqəsinə başlanılır

Cəmiyyət | 12:04 • 5 Aprel 2020
“Biz birlikdə güclüyük!” mövzusunda respublika onlayn rəsm müsabiqəsinə başlanılır

Bu gündən Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Biz birlikdə güclüyük!” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə başlanılır. 

Nazirlikdən bildirilib ki, müsabiqənin aprelin 5-dən 30-dək Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilməsi nəzərdə tutulur.

Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının "Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimində uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

Üç mərhələdən ibarət müsabiqə üç yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Müsabiqəyə təqdim edilən iş A-4 formatında müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənə bilər. Rəsmin aşağı sağ küncündə müəllifin adı və soyadı, yaşı, əsərin adı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı yazılmalıdır.

Rəsm işləri müsabiqə iştirakçıları (valideyn və ya qanuni nümayəndə) tərəfindən +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış "WhatsApp” sosial şəbəkəsi vasitəsilə (şəkil formatında) vəugim-1@mk.edu.azelektron ünvana aprelin 26-dək göndərilə bilər. Rəsm işlərinin aydın görünüşdə olması nəzərə alınmalıdır.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim edilməsi vacib amillərdəndir.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər lenti