Xəzər Xəbər

DİM: İmtahanlarla əlaqədar lazımi məlumatlar veriləcək

Cəmiyyət | 17:54 • 19 Mart 2020
DİM: İmtahanlarla əlaqədar lazımi məlumatlar veriləcək

"Bildiyiniz kimi bugünlərdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir və bu çərçivədə bir sıra kütləvi tədbirlər təxirə salınıb. Dövlət İmtahan Mərkəzi də vətəndaşların sağlamlığını qorumaq məqsədilə kütləvi imtahanların keçirilməsini müvəqqəti dayandırıb”.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Novruz bayramı ilə əlaqədar təbrik məktubunda qeyd edilib.

Bildirilib ki, görülən tədbirlər ictimai həyatın digər sahələrində olduğu kimi, tədris prosesində də ləngimələrə səbəb olsa da, insan sağlamlığının hər şeydən dəyərli olması bu tədbirləri zəruri edir:

"Hər birimiz özümüz və yaxınlarımızın qayğısına qalmalı, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən tövsiyə olunan qoruyucu tədbirlərə riayət etməliyik. Pis günün ömrü az olar. Əminik ki, dövlət və vətəndaşlarımızın birgə səyi ilə bu problem yaxın vaxtlarda öz həllini tapacaq və hər birimiz normal iş rejiminə qayıdacağıq. Rəsmi olaraq tədris prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı, o cümlədən tədris prosesini davam etdirməyə imkan verir.

Biz sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, müəllimlərimiz, tələbə yoldaşlarımızla ünsiyyəti davam etdirə, lazımi məlumatları əldə edə bilərik. Bir sözlə, müasir dünyanın gətirdiyi problemləri, elə müasir dünyanın təmin etdiyi imkanlarla həll etmək mümkündür. Bütün proses boyu Dövlət İmtahan Mərkəzi həmişə olduğu kimi sizin yanınızda olacaq, sizi gələcək imtahanlarla əlaqədar lazımi məlumatlarla təmin edəcək”.

Müraciətdə deyilir ki, DİM-in rəsmi internet səhifəsi, sosial media kanalları, həmçinin çağrı mərkəzi vasitəsilə insanları maraqlandıran bütün suallara cavab tapmaq mümkün olacaq: "Bu müddətdə abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin "Youtube” kanalı vasitəsilə təqdim edilən "vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər”.

Xəbər lenti