Xəzər Xəbər

Həkimlərin əməyi keyfiyyət göstəricisinə görə qiymətləndiriləcək

Cəmiyyət | 12:07 • 20 Fevral 2020
Həkimlərin əməyi keyfiyyət göstəricisinə görə qiymətləndiriləcək

"Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur".


Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar: "Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”.


Sədr qeyd edib ki, növbəti yeniliklərdən biri də Agentliyin "Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidmətinin "myGov” portalına inteqrasiya olunması ilə bağlıdır: "Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər".


Z.Əliyevin sözlərinə görə, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil: "Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək. Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq".

Xəbər lenti