Xəzər Xəbər

Agentlik icbari tibbi sığorta üzrə müştərək maliyyələşmə mexanizminə aydınlıq gətirib

Cəmiyyət | 14:05 • 22 Yanvar 2020
Agentlik icbari tibbi sığorta üzrə müştərək maliyyələşmə mexanizminə aydınlıq gətirib

"Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda (ailə həkiminə müraciət etmədən) tibbi xidmətlərə tətbiq edilir (KT, MRT xidmətləri istisna olmaqla)”.


Bunu APA-nın sorğusunu cavablandırarkən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım üçün tibbi xidmətin dəyərindən asılı olmayaraq tibbi xidmətə tətbiq və Xidmətlər Zərfində müəyyən edilən sabit bir məbləğdir: "Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Lakin vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edilən şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət, ailə həkiminin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir. Həmçinin təcili və təxirəsalınmaz ambulator və stasionar tibbi yardım xidmətinə müştərək maliyyələşmə məbləği tətbiq edilmir. O cümlədən, hamilə qadınların birbaşa ixtisaslı tibbi yardım üçün (ginekoloji xidmət) müraciəti zamanı müştərək maliyyələşmə məbləği ödənilmir”.


V. Qurbanov qeyd edib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, sığortaolunan tərəfindən ödənişi nəzərdə tutulan mexanizmlərin (co-payment, deductible) icbari tibbi sığorta təminatına daxil olan xidmətlərə tətbiq edilməsi geniş istifadə edilən vasitələrdən biridir. Onun sözlərinə görə, həmin mexanizmlər fərqli ölkələrdə fərqli şərtlərlə (miqdarı və istifadə tezliyi) tibbi xidmətlərə tətbiq edilir: "Dünya təcrübəsinə əsasən, əksər hallarda ambulator tibbi xidmətlərə müştərək maliyyələşmə məbləği tətbiq edilir. Bununla yanaşı bir sıra ölkələrdə stasionar tibbi xidmətlərə də müştərək maliyyələşmə məbləği tətbiqi edilir ki, bu da sığortaolunana göstərilən tibbi xidmətin dəyərindən asılı olaraq müəyyən edilmiş faiz nisbətinə əsasən təyin edilir. Məsələn, Estoniyada ixtisaslı həkimə hər bir gəlişə 5 avro, ailə həkiminin evə gedişinə 5 avro, stasionarda yatışa görə hər günə maksimum 2.5 avro, ümumi bir müraciətə görə 25 avrodan çox olmamaq şərtilə müştərək maliyyələşmə məbləği tətbiq edilir.


Cənubi Koreyada xəstəliklərin ambulator şəraitdə müayinə və müalicəsi üçün tələb olunan tibbi xidmətlərə, xidmətlərin dəyərindən asılı olaraq xəstəxanaların səviyyəsinə görə 30%-dən 60%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir. Xəstəliklərin stasionar şəraitdə müayinə, müşahidə və müalicəsi üçün tələb olunan tibbi xidmətlərə, xidmətlərin dəyərindən asılı olaraq xəstəliklərin növünə görə 5%-dən 20%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir.


Litvada dəyəri yüksək olan funksional, instrumental tibbi müayinələr (məsələn, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası) üçün sığortaolunana göstərilən tibbi xidmətin dəyərindən asılı olaraq 10%-dən 20%-dək müştərək maliyyələşmə məbləği tətbiq edilir. Digər hallarda isə sığortaolunan tərəfindən tibbi xidmətə görə sabit məbləğin ödənilməsi həyata keçirilir. Məsələn, ambulator tibbi yardım zamanı ixtisaslı həkimə hər bir gəlişə görə, stasionar tibbi yardım zamanı yatış xərclərinin hər bir yatış gününə görə və s. kimi tibbi xidmətlərə tətbiq edilən requlyator mexanizmlər var”.


Qeyd edək ki, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan - sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs tərəfindən ödənilən hissəsi) aşağıdakı qaydada müəyyən edilir:


- sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15 manat;


- sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat;


- sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 manat.


Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.

Xəbər lenti