Xəzər Xəbər

Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb

Cəmiyyət | 17:39 • 22 Noyabr 2019
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə bağlı xəritə hazırlayıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub.


Xəritə əsasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və ərazilərə nəzarət ağaclar əkildikdən sonra da davam edəcək. Bu da təbii ki, ağac əkən insanların, qurumların məsuliyyətini artıracaq. İctimai nəzarət nə qədər güclü olarsa, bitiş faizi də o qədər yüksək olar. Təşəbbüs çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkiləcək. Bu da ölkəmizin daha da gözəlləşməsinə xidmət edəcək.


Ümumiyyətlə, ən çox ağac mütəfəkkir şairin doğulduğu Şamaxı rayonunda əkiləcək. Belə ki, həmin rayonda 50 min ağac əkilməsi planlaşdırılıb və hazırlıq işləri tamamlanmaq üzrədir. Əsasən payız ağacəkmə mövsümündə balverən nektar ağacların əkilməsi nəzərdə tutulub. Bununla bağlı Balçılar Assosiasiyası ilə də müzakirələr aparılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev noyabrın 22-də keçirilən brifinqdə məlumat verib.


Nazir müavini bildirib ki, ağacəkmədə iştirak edən qurumlar ağaclara aqrotexniki qulluğu özləri həyata keçirəcəklər. Şamaxıda və Sabirabadda ağac əkiləcək ərazilərdə artıq damcılı suvarma şəbəkəsi də çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağacların bitiş faizinin yüksək olması deməkdir.


F.Əliyev, həmçinin qeyd edib ki, Bakının Suraxanı rayonunda əvvəllər fəaliyyət göstərən yod-brom zavodunun tullantılarla çirklənmiş ərazisi təmizlənib və orada da ağac əkilməsi nəzərdə tutulub.


Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Xəbər lenti