Xəzər Xəbər

Siqaret tüstüsünün 25 faizi orqanizmə, 75 faizi atmosferə daxil olur

Cəmiyyət | 11:03 • 21 Noyabr 2019
Siqaret tüstüsünün 25 faizi orqanizmə, 75 faizi atmosferə daxil olur

Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Tütündən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub.


AZƏRTAC xəbər verir ki, siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir, onların da 10 faizi passiv siqaret çəkənlərdir.


Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Elə bunun nəticəsidir ki, hazırda dünyada iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər gün 85 min nəfər siqaret çəkməyə başlayır, onlardan 22 mini bu zərərli vərdişdən yaxa qurtara bilmir.


Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin araşdırmalarının nəticələrinə əsasən, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.


2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub. Bununla yanaşı, vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənləri cəzalandırmaq kimi bir sıra digər addımların atılması və görülən tədbirlərin nəticəsində Azərbaycanda tütündən istifadə ilə bağlı azalma tendensiyası müşahidə edilir.

Xəbər lenti