Xəzər Xəbər

Azərbaycanda payız fəsli üçün hava proqnozu açıqlanıb

Cəmiyyət | 16:20 • 25 Sentyabr 2019
Azərbaycanda payız fəsli üçün hava proqnozu açıqlanıb

"Payızın birinci yarısı Azərbaycanda ən əlverişli dövr kimi səciyyələndirilir. Temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur".


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.


Onun sözlərinə görə, belə temperatur insanlar üçün ən komfort temperatur göstəricisi hesab oluna bilər: "Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi mənfi təsir göstərmir".


U.Tağıyeva bildirib ki, sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək: "Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Ötən şənbə günündə olduğu qədər olmasa da, sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənə də bilər, ancaq şiddətli olmayacaq".


Departament direktoru qeyd edib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez müşahidə olunur".


Umayra Tağıyeva bildirib ki, fəsil proqnozları Ümumdünya Metereologiya Təşkilatının 5 iqlim mərkəzində hazırlanır və üzv ölkələr üçün yayımlanır: "Həmin mənbələrə istinadən deyə bilərik ki, bizim regionda payızda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".


Qış fəslində havanın necə keçəcəyi ilə bağlı danışan Umayra Tağıyeva qeyd edib ki, çoxillik meteoroloji müşahidələr göstərir ki, yayın və qışın neçə keçməsi arasında əlaqələr mövcud deyil: "Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, qar yağıb-yağmayacağı barədə danışmaq tezdir".

Xəbər lenti